Dövlət Vergi Xidmətinin əməkdaşlarına həbs yerlərində saxlanılan şəxslərin hüquqları mövzusunda təlim keçirilib  

İyulun 11-də “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları üçün “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” mövzusunda təlim keçirilib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun hüquqi maarifləndirmə istiqamətində gördüyü işlərə dair ətraflı məlumat verib. O, İnstitutun hazırladığı hüquqi elektron resurslardan (virtual kitabxana, rəqəmsal insan hüquqları xəritəsi, alimlərin məlumat bazası və PASS Platforması) bəhs edərək, bildirib ki, bu resurslar hüquqşünasların və tədqiqatçıların məlumatlara asan çıxış imkanını təmin edir. Həmçinin, İnstitutun rəhbəri gələcəkdə Dövlət Vergi Xidməti ilə səmərəli əməkdaşlığın davamlı olacağına da əminliyini ifadə edib.

Tədbirdə həbs yerlərində insan hüquqlarının qorunması, etik davranış, işgəncələrin qadağan olunması, saxlama şəraitinin təkmilləşdirilməsi, qadın və uşaqlara münasibətdə xüsusi yanaşmalar və məhbuslarla rəftara aid beynəlxalq standartlardan bəhs edilib.

Təlimin interaktiv hissəsində iştirakçılar təqdim olunan mövzu ətrafında fəal müzakirələr aparıblar. Sonda 14 iştirakçıya sertifikat təqdim olunub.


Dərc olunub : 11-07-2025

Oxunma sayı : 82