Elmi tədqiqatlarda etik meyarlar

Aytən MUSTAFAYEVA,

hüquq elmləri namizədi

 

Müasir dünya üçün böyük əhəmiyyət kəsb edən bioetikanın mənəvi-etik və fəlsəfi elm sahəsi kimi təməli 1946-cı ildə keçirilmiş Nürnberq Məhkəməsində – nasist həkimlərin tükürpədici əməllərinin ifşası zamanı qoyulmuşdur. Məhkəmənin gedişi nəticəsində məlum olmuşdur ki, faşizm ideyasına xidmət edən həkimlər tərəfindən “cəmiyyət üçün yararsız” sayılan 70000 insanın, o cümlədən əqli və fiziki çatışmazlıqlardan əziyyət çəkənlərin, yəhudilərin, qaraçıların, nasizmə qarşı barışmaz mövqedə dayanan azad fikirli insanların xüsusi amansızlıqla qətlə yetirilməsi üçün genişmiqyaslı eftanaziya proqramları hazırlanmış və həyata keçirilmişdir. O da müəyyən edilmişdir ki, bir sıra həkimlər Hippokrat andına zidd olaraq hərbi və mülki əsirlər, nasistlərin işğal etdikləri ölkələrdən deportasiya olunmuş əhali üzərində ağlasığmaz tibbi-bioloji təcrübələr aparmışlar. Məhz Nürnberq prosesindən sonra bəşəriyyət ilk dəfə olaraq “həkim vicdanı” və “tibbi etika” anlayışlarının səmərəsini şübhə altına aldı.

Bu yaxınlarda isə İkinci Dünya müharibəsi illərində Yaponiyada da bu tipli təcrübələrin aparılması barədə məlumatlar yayılmışdır.

Faşizm cinayətlərinin ifşasından bir müddət sonra ABŞ-da baş vermiş və tibbi etikanın normalarının ciddi şəkildə pozulması kimi dəyərləndirilmiş qalmaqallı hadisələr də ictimai fikri çox sarsıtmışdı. Məsələn, 1963-cü ildə Nyu-Yorkun Bruklin rayonundakı yəhudi xəstəxanasında xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı pasiyentlər üzərində tibbi təcrübə aparılaraq, onların razılığı olmadan bədənlərinə aktiv xərçəng hüceyrələri yeridilmişdir. 1965–1971-ci illər ərzində yenə də Nyu-Yorkdakı Yellobruk dövlət xəstəxanasında hepatit virusu üzərində tədqiqatlar zamanı fiziki çatışmazlıqlardan əziyyət çəkən uşaqlardan istifadə edilmiş, onların orqanizminə təcrübə məqsədilə xəstəliktörədici virus yeridilmişdir.

Bu və digər cinayət xarakterli hadisələr nəticəsində zəruri klinik sınaqlar aparılmadan tibbi-bioloji tədqiqatların həyata keçirilməsinin qanuna, mənəviyyata və əxlaqa zidd məsələ olması ictimai fikirdə gündəmə gəlmişdir [10, s. 11].

Qeyd edək ki, 1965–1980-ci illərdə tibbi-bioloji və metodoloji tədqiqatlar sahəsində mühüm nailiyyətlər əldə olunmuş, elm aləmində həqiqi inqilab baş vermişdi. Ümumiyyətlə, bu nailiyyətlər bəşəriyyət üçün fövqəladə əhəmiyyət kəsb etsə də, məhz onların sayəsində yeni mənəvi-əxlaqi problemlər və suallar yaranmışdı. Məsələn:

Təbabətdə son vaxtlar geniş tətbiq olunaraq ürək-damar sisteminin normal fəaliyyətinin təminatına, orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsinə, daxili bədən üzvlərinin sağlamlaşdırılmasına və yoluxucu xəstəliklərin profilaktikasına və s. istiqamətlənmiş müasir tibbi metodlar və mükəmməl avadanlıqlar əvvəllər müalicəsi mümkün olmayan xəstələri və ağır fiziki zədələr almış bir çox insanı yenidən həyata qaytarmışdır.

Elmi nailiyyətlərin tətbiqi sayəsində ciddi xəsarət almış insanların yenidən anlaqlı vəziyyətə gətirilməsinə və normal yaşayışına qətiyyən ümid bəsləmədən onların süni şəkildə həyatda saxlanılmasının mümkünlüyü yeni tibbi-mənəvi məsələlərin yaranmasına səbəb olmuşdur. Həmin məsələlər bəziləri üçün gərəksiz hesab edilən belə reanimasiya prosesi və insanın “ləyaqətlə ölmək hüququ” ilə əlaqədar qızğın müzakirələrlə nəticələnmişdir. Belə müzakirələri yaradan səbəblərdən biri lüzumsuz sayılan qeyri-müəyyən müddətə uzadılan reanimasiya ilə bağlı konkret hallar barədə məlumatlar olmuşdu. Belə ki, 25 il müddətinə koma vəziyyətində qalaraq 1982-ci ildə vəfat etmiş Pol Beylinin taleyi buna misal ola bilər. Sağalmasına heç bir ümid olmayan pasiyentlərin bu cür “müddətsiz reanimasiyaya” məruz qalması eftanaziyanın və “ləyaqətlə ölmək hüququ”nun mümkünlüyü ehtimalını daha da artırır.

Əvvəllər ciddi fiziki qüsurlarla doğulan və normal yaşamasına ümid olmayan körpələrin həyatını qorumaq üçün indi tibbi imkanlar mövcuddur. Növbəti sual yaranır: Bəlkə, gələcəkdə normal həyatdan həmişəlik məhrum olan belə uşaqlara hələ dünyaya gəlməmiş ölmək imkanı verilməlidir? Bu fikir də eftanaziyanın tətbiqinə dair mübahisələrə səbəb olmuşdur.

Bir çox tibb mərkəzlərində insan orqanlarının (böyrək, ürək, qaraciyər və s.) köçürülməsi əməliyyatları adi hal almışdır. Úərrahlığın bu sahədə nailiyyətləri transplantasiya üçün daxili insan orqanları bankının formalaşması zərurəti kimi mürəkkəb problemi aktuallaşdırmışdır. Orqanların təmənnasız verilməsi, əldə olunması, onların in-vitro şəraitində saxlanılması və istifadəsinin etik aspekti bioetikanın vacib predmeti səviyyəsinə qalxmışdır. Ağır və sağalmaz xəstələrdən və komada olan şəxslərdən daxili orqanların götürülməsinin hüquqi problemi ölüm faktının müəyyənləşdirilməsi və anlaqlı vəziyyətdə olarkən onlardan bu barədə yazılı razılığın alınması məsələsi bir sıra suallar yaratmışdır. Eyni zamanda, etika sahəsində digər risk problemi də ortaya çıxmışdır: aldatma, hədə və cinayət yolu ilə kimsəsiz insanlardan daxili orqanların götürülməsi və onların qanunsuz alqı-satqı obyektinə çevrilməsi. Bundan başqa, insan orqanlarının transplantasiyası üzrə əməliyyatların bir çox hallarda böyük maliyyə vəsaiti tələb etməsi, cərrahlıq əməliyyatlarının (məsələn, ürəyin köçürülməsi əməliyyatı) daha da təkmilləşdirilməsi vacibliyi də aktuallığını saxlayan problemlərdəndir. Bəzi əməliyyatlar isə hələ də təcrübə mərhələsində qalmaqdadır. Bununla bağlı, dövlət vəsaitlərindən istifadə kimi mürəkkəb sual ortaya çıxır.

Süni insan orqanlarının yaradılması və tətbiqi aspektlərinin müzakirəsi zamanı söhbət dövlət tərəfindən səhiyyənin bu istiqamətinə ayrılan maliyyə fondlarından istifadə məsələsindən düşəndə də mütəxəssislər bu tipli problemlə üzləşirlər. Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra bu sahə böyük inkişaf yolu keçmişdir. İnsanın daxili orqanlarının funksiyasını əvəz edə bilən süni böyrəkdən tutmuş süni ağciyərin, süni ürəyin, müxtəlif stimulyatorların və s. yaradılması müasir təbabətin nailiyyətlərindəndir. Hazırda insanın görmə, eşitmə orqanlarını, qaraciyəri, mədəaltı vəzi əvəzləyəcək cihazların və süni dəri  örtüyünün hazırlanması istiqamətində tədqiqatlar davam etdirilir.

İlk vaxtlar həddən artıq bahalı olan bu cihazların geniş istehsalı və satışı qaydaya salındıqdan sonra onların qiymətində tədricən ucuzlaşma baş verəcəyi gözlənilir. Məsələn, bir vaxtlar “süni böyrək” aparatını yalnız ən imkanlı şəxslər əldə edə bilirdilərsə, bir müddətdən sonra həmin cihaz nefrologiya şöbələrinin əsas tibb avadanlıqlarından birinə çevriləcəkdir. Lakin, tibbi səmərəsindən asılı olmayaraq, bu cihaz hələ də, təcrübə-sınaq mərhələsindədir və hələlik, kliniki istifadə qiyməti yüksək olaraq qalmaqdadır. Görəsən, istənilən dövlətin səhiyyə sistemi belə avadanlığın kliniki aprobasiyası və istifadəsi məqsədilə kifayət qədər vəsait xərcləməyə qabildirmi? Aprobasiyaya kimlər cəlb olunacaq və bu seçim hansı meyarlar əsasında aparılacaq? Dövlət büdcəsindən səhiyyəyə ayrılmaların məhdud xarakter aldığı bir şəraitdə iqtisadi problemə çevrilən bu məsələlər hələ də həllini gözləməkdədir. Təbii ki, belə ayrı-seçkiliyin səbəbləri xəstələr üçün aydın deyildir və onlar bunu ədalətsizlik hesab edirlər. Məsələn, Böyük Britaniyada dializ prosedurları yaşlılar üçün əlçatmazdır, çünki onların sağqalma ehtimalları çox azdır. Bu yaxınlarda elə həmin ölkədə leykemiyadan əziyyət çəkən xəstə uşağa onurğa beyninin köçürülməsi əməliyyatından imtina edilmişdi. Onun sağalma şansları yox idi.

1978-ci ildə İngiltərədə  in-vitro mayalanma üsulu ilə ilk uşaq – Liza Braun dünyaya gəldi. Az sonra 1982-ci ildə Fransada bu qayda ilə daha bir uşaq anadan oldu. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan körpələrin sayı minlərlədir.

Həqiqətən də, in-vitro mayalanma üsulunun tətbiqi mamalıqda və qadın sonsuzluğunun müalicəsində əsil inqilab oldu. Lakin, bu üsulun kölgədə qalan mənəvi tərəfi də vardır. Bu tərəf adı çəkilən üsulun yalnız mənəviyyata zidd metod kimi dəyərləndirilə biləcəyindən (heterologous yolu ilə mayalanma, ər-arvada yad olan kənar şəxsin – donorun spermasından istifadə, surroqat analar) ibarət deyildir. Hətta süni mayalanmanın müasir tibb sahəsi kimi inkişaf etdiyi bir mərhələdə onun tətbiqi zamanı insan rüşeymləri məqsədli şəkildə məhv edilir. Mayalanmanın müvəffəqiyyətlə başa çatması üçün qadının uşaqlığına eyni vaxtda bir neçə rüşeym yerləşdirilir, digərləri isə dondurulmuş vəziyyətdə saxlanılır. Ana bətnində olan rüşeymlərdən yalnız biri sonrakı normal inkişafa yol tapır, digərləri abort yolu ilə kənarlaşdırılır. Əgər dondurulmuş rüşeymlərdən istifadə edilmirsə, onlar 5 ildən sonra tələf olur. Bundan başqa, hazırda süni mayalanma üsulu elmi təcrübələr və sınaqlar üçün material qismində canlı insan rüşeymləri də təklif edilir. Halbuki, əvvəllər alimlər onların tədqiqi barədə ancaq arzu edə bilərdilər [9].

Süni mayalanmaya sadələşdirilmiş yanaşma tərzi insan rüşeyminə də adi münasibətin yaranmasına səbəb olmuşdur. Çünki bu üsul valideynlərə nəinki uşağın cinsini seçməyə, hətta onun doğulması üçün uyğun vaxtı müəyyənləşdirməyə, eyni zamanda, yevgenika ilə məşğul olanlara da tədqiqat şansı verir. Nəhayət, bu gün sənayeləşdirilmiş dünyamızda süni mayalanma həkimlər üçün gəlirli fəaliyyət üsulu olmuşdur. Həqiqətən də, tərəzinin digər gözündə maddi maraq olduğu təqdirdə insan həyatı qiymətdən düşür.

1970-ci illərdə ana bətnindəki dölün diaqnostikası üsulunun işlənib hazırlanması sayəsində gələcək körpənin inkişaf qüsurları, anomaliyaları, irsi xəstəliklərinin müəyyən edilməsi bioetikada yeni və vacib bölmənin yaradılması ilə nəticələndi. Belə diaqnostikaya etik baxımdan məqbul sayılmaqla qeyri-invaziv üsul olan exoqrafiya (UZİ) və döl üçün təhlükəli hesab edilən amnitsentez (bu metod dölün fiziki və ya genetik qüsurları müəyyənləşdirildikdə tətbiq edilir) aiddir. Hələlik bu günə kimi ana bətnindəki dölün terapevtik və ya cərrahiyyə yolu ilə müalicəsi üsulu tapılmamışdır. Odur ki, həkimlər çıxış yolunu inkişaf qüsurlarına malik rüşeymi ilkin inkişaf mərhələsində ana bətnindən kənarlaşdırmaqda görürlər. Belə olan təqdirdə valideynlər qarşılarında mənəvi xarakter daşıyan sualla üzləşirlər. Onlar tərəfindən bu cür ağır diaqnozun qəbulu abort fikri ilə razılaşmaq deməkdir. Valideynlər yaxşı başa düşürlər ki, həkimlər onları skrininqə – riskli inkişaf mərhələsinin, patologiyaların müəyyənləşdirilməsi məqsədilə tibbi üsulların tətbiqinə vadar edirlər. Bir çox hallarda, valideynlər doğuşdan əvvəl diaqnostikadan imtina etdikdə, bu və ya digər yolla ana bətnindəki körpəni saxlamaq istədikdə məsxərəyə qoyulur, ya da onları cinayətkar niyyətlərdə suçlayırlar.

Bu üsulun inkişafı çoxlu sayda körpənin hələ doğulmadan ölümünə səbəb oldu. Onun tətbiqi nəticəsində aborta adi münasibət yaranmış, bu cinayətə haqq qazandırılmasına başlanılmışdır. Faktiki olaraq, bu üsul dünyaya göz açacaq körpənin fiziki qüsurlarından çəkinməyən, çətinliklərə baxmayaraq, onu qayğı və şəfqət hissi ilə ailədə böyütmək, tərbiyə vermək istəyən cəsur valideynlər üçün təhqirdən başqa bir şey deyildir.

1958-ci ildən etibarən, kontrasepsiya da müəyyən inkişaf yolu keçmişdir. İnsanlar hələ də, əsasən bəzi Avropa ölkələrində hamiləliyin qarşısını almaq məqsədilə ənənəvi vasitələrdən istifadə edirlər.

Roma Papası VI Pavelin “Humanae Vitae” preparatında kontraseptik maddələrin olmasını qınaması mənəviyyat məsələləri ilə məşğul olan ilahiyyatçılar arasında, ümumiyyətlə, katolik kilsəsində fikir ayrılığına səbəb olmuşdu. Həmin həblərdən istifadə sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə demoqrafik “durğunluqla” nəticələnmişdir. Əgər əhali bu məsələyə kəskin münasibətini bildirməzsə, belə ölkələri sakit və gizli şəkildə davam edən ümummilli intihar gözləyir.

Qadınların sterilləşdirilməsinin inkişafı təbabətdə mütərəqqi hadisə sayıla bilməz. Onlara bu əməliyyatın nəticələrinin orqanizmə vurduğu zərərin nəticələrini anlatmadan aparılan sterilizasiya tədbirlərindən əsasən Braziliya və Hindistanda, son zamanlar isə Peruda sui-istifadə edilir.

Abort əməliyyatlarının yayılması heç də təbabətin inkişafı ilə əlaqəli deyildir. Burada yalnız tətbiq olunan texnika sahəsində hansısa irəliləyişdən söhbət gedə bilər. Abortların icra olunub-olunmaması ilə bağlı mübahisələr bioetikanın çərçivəsindən çoxdan çıxmışdır. Ancaq bu sahədə də bioloji amilin nəzərə alınması çox vacibdir. Çünki, məhz bu amil sayəsində embrion canlı insan hesab edilir və yenə də məhz onun əsasında həmin varlığı valideynlərinin şıltaqlığından qorumaq üçün hüquqi müdafiə tələb oluna bilər.

Beynəlxalq Səhiyyə Təşkilatı Yer üzündə yoluxucu xəstəliklərin qarşısının alınmasında fəal iştirak edir. Bu epidemiyaların bəziləri, məsələn, çiçək xəstəliyi ilə mübarizə uğurla başa çatdırılmışdır. Amma malyariyaya qalib gəlmək hələ də mümkün olmayıb. Afrikada gənclər arasında ölüm hallarına görə malyariya birinci yerdədir. Təəssüf ki, bu gün vərəm xəstəliyi elə formalarda geri qayıdır ki, məhz QİÇS epidemiyasına görə müalicə oluna bilmir. İmmunitet çatışmazlığı infeksiyasının yayılması və onun epidemiya xarakteri daşıması yeni etik problemlər yaradır. Halbuki, QİÇS xəstəliyi sadəcə tibbi deyil, həm də iqtisadi və sosial problemdir.

Genetika sahəsindəki bioloji tədqiqatlarda da uğurlu nəticələr əldə etmişdir. 1953-cü ildə Vatson və Krik tərəfindən DNT strukturunun şifrəsi açılmışdır. 1956-cı ildə genetik kod və xromosomlar arasında əlaqə müəyyən edilmişdir. 1965-ci ildə isə Aber tərəfindən restruktiv fermentlər kəşf edilmişdir. 1972-1973-cü illərdə Smit və Netan soyadlı alimlər “enzimatik bıçaq” ixtira etmişlər. Beləliklə, özünün müsbət nəticələri (məsələn, insulin istehsalında bakteriyalardan istifadə olunması) eyni zamanda, gələcək üçün ehtimal olunan risklər (yevgenizm) də daxil olmaqla genetik manipulyasiyalar dövrü başlamışdır.

Genom proqramının reallaşdırılması genetik xəstəliklərin profilaktikası və müalicəsində geniş imkanlar açır [6]. Lakin bu, genetik pozuntulardan əziyyət çəkənlərə, süd vəzilərinin xərçənginə, leykemiyaya, ürək-damar xəstəliklərinə, maddələr mübadiləsinin pozulması kimi xəstəliklərə genetik meyilliliyi olan şəxslərə mənfi təsir göstərə bilər. İşə götürənlər və ya sığorta şirkətləri sağlamlıq baxımından kadrları, müştəriləri öyrənərkən genetik yoxlamadan (skrininq) istifadə edə bilərlər. Genetik skrininqin inkişafı insanın özü barədə bu tipli məlumatı əldəetmə (və ya etməmə) hüququ məsələsini gündəmə gətirir. Eyni zamanda, bu gün, əsasən doğuşaqədər diaqnostika və genetik anormallıqların daşıyıcılarının abort vasitəsilə ana bətnindən kənarlaşdırılması, qüsurların və xəstəliklərin profilaktikası məsələsi də özünü kəskin büruzə verməkdədir.

Tibbi biologiyada “kliniki araşdırmalar” və ya “insan üzərində təcrübələr” adlandırılan eksperimentlər olmadan əsaslı elmi tədqiqatlar aparmaq və onların nəticələrini müalicədə tətbiq etmək mümkün deyil. Belə əhəmiyyətli tədqiqatlarla görkəmli alimlərdən Genner və Pastor məşğul olmuşlar. Bununla belə, konkret araşdırmaların son mərhələsində bu cür kliniki təcrübələrin aparılması zəruri olsa da, təhlükəsiz sayılmır və təcrübə iştirakçılarının sağlamlığına təsirsiz ötüşmür. Digər tərəfdən, problemin mahiyyəti həm də nəzərdə tutulmuş məqsəd və gözlənilən nəticələrlə müqayisədə riskin səviyyəsini azaltmaqdır [3].

Məlum faktdır ki, əczaçılıq şirkətləri öz dövlətlərinin qanunvericilik səviyyəsində qadağan olunan təcrübələri digər ölkələrin ərazilərində keçirirlər. İnsanlar üzərində təcrübələrin aparılması zəruridirsə də, onların əxlaq prinsiplərinə uyğunluğu yalnız o halda ola bilər ki, müalicə məqsədilə həmin sınaqlarda iştirak etməyə razılıq vermiş şəxs öz rəyini heç bir təzyiq, hədə, şirnikdirmə və ya aldatma səyləri ilə üzləşmədən azad şəkildə bildirsin, tədqiqatın planı, icra metodikası ilə tanış olsun və mümkün risklər haqqında məlumatlandırılsın.

Etik problemlər həm də iştirakçının könüllü razılığı əldə olunmadıqda yaranır. Məsələn, bir çox hallarda fiziki qüsurları olan uşaqların valideynlərindən müsbət cavab alınmadan və ya psixi pozuntulardan əziyyət çəkənlərdən, ruhi xəstələrdən razılıq əldə edilmədən onların üzərində klinik təcrübələr aparılır.

Süni mayalanma üsulunun yaranması və tətbiqi sayəsində canlı insan rüşeymlərinin əldə olunması arzusu reallaşdı. Belə bir imkanın əldə olunması dərhal bu sahədə çalışan alimləri yeni fəaliyyətə – ana bətninə implantasiya edilmək üçün nəzərdə tutulmayan, süni mayalanma üsulu ilə əldə olunan embrionlardan təcrübə və sınaqlarda istifadə etməyə həvəsləndirdi [8].

Bütün bu tibbi layihələr, xüsusilə də, əsasını süni mayalanma metodu təşkil edənlər eləcə də genetik tədqiqatlar belə bir suala cavab axtarır: Texniki cəhətdən mümkün olan hər bir yeniliyə icazə verilməlidirmi?

Bu gün mübahisəli məsələlərin nizamlanması məqsədilə elmi tribunalın təsis edilməsi haqqında da fikirlər səslənməkdədir. Bəziləri elmi tədqiqatlar üçün qanunlar toplusu yaradılmasını, bəziləri elmi jurnallarda mənəvi baxımdan etirazlara səbəb ola biləcək vasitələrlə əldə olunmuş təcrübə nəticələrinin dərcindən çəkinilməsini tələb edir.

Genetik tədqiqatlar haqqında hətta belə bir fikir də ortaya çıxıb: “İnsan heç nə bilməyəndə daha rahat yaşayır”. Lakin buna baxmayaraq, Aristotelin dediyi kəlamlar bu gün də əhəmiyyətini qorumaqdadır: “İnsanın mahiyyəti elədir ki, o, hər şeyi bilmək istəyir”. Odur ki, alimlərin öz arzularına münasibətdə əsas meyar müdriklik olmalıdır!

Müasirlərimizdən birinin çox müdrik kəlamını bir də yada salmaq yerinə düşərdi: “Dərk olunmasına mənəviyyatımızın haqqı çatmadığı biliklərə yolu özümüz bağlamalıyıq”.




Dərc olunub : 2011-11-29 15:38:00
Oxunma sayı : 25