«Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda konfrans

2011-ci il noyabrın 16-17-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və  təşkilatın Bakı ofisi ilə birgə «Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbirin  açılışında  Milli Məclisin deputatı, AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru  Aytən Mustafayeva, Azərbaycan Respublikası Prezident  Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş müşaviri Otari Qvaladze, ədliyyə nazirinin müavini Toğrul Musayev, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir  Koray Targay, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Demokratikləşmə idarəsinin rəhbəri Tomas Vennen çıxış etmişlər.

Konfransın  ilk sessiyasında ekspert qismində Azərbaycan  Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev və Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvü, vəkil Anar Bağırov, ATƏT-in eksperti, Beynəlxalq Cinayət Tribunalı Katibliyinin rəhbəri Martin Petrov  «Vəkillər Kollegiyaları yüksək keyfiyyətli hüquqi yardımın təşkil edilməsini təmin edən əsas subyektlər kimi» mövzusunda çıxış etmişlər. Həmin sessiyaya sədrliyi ATƏT-in Bakı ofisinin Hüququn Aliliyi şöbəsinin müdiri Monika Martinez etmişdir.

İlk günün ikinci sessiyasında Azərbaycan Respublikasında aparılan hüquq islahatlarının tərkib hissəsi olan vəkilliyə qəbul, ilkin və davamlı tədris məsələləri müzakirə edilmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev, Ədliyyə Nazirliyinin Təşkilati idarəsinin müdir müavini  Sübhi Kazımov, ATƏT-in eksperti,  Böyük Britaniyanın Birmingem Universitetinin hüquq professoru Culian Lonbey məruzələr etmişlər. Qeyd olunan mövzu üzrə sessiyada AMEA İnsan Hüquqları İnstitutunun direktor müavini, professor Vüqar Məmmədov sədrlik etmişdir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin  baş müşaviri Otari Qvaladze  və DTİHB-nin Demokratikləşmə idarəsinin rəhbəri Tomas Vennen konfransın ilk gününün nəticələrini ümumiləşdirmişlər.

Tədbirin ikinci günü noyabrın 17-də müəyyən edilmiş tövsiyələr üzrə vəkillər üçün treninq-seminar keçirilmişdir. Həmin gün «Ədalətli məhkəmə araşdırmasının  təmin edilməsində vəkillərin rolu» və «Vəkillərin peşəkarlığının  gücləndirilməsi və maarifləndirmə vasitəsilə vəkil peşəsinin dəstəklənməsi» mövzularında  sessiyalar keçirilmişdir. Qeyd olunan mövzular üzrə Milli Məclisin şöbə müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri, hüquq elmləri doktoru professor  Lətif Hüseynov, ATƏT-in eksperti cənab Martin Petrov və professor Culian Lonbey çıxış etmişlər. İnteraktiv yolla geniş müzakirələr keçirilmişdir.

İki gün davam edən konfransda xarici ekspertlərlə yanaşı, ATƏT və digər beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, Bakı Dövlət Universitetinin və KİV-in nümayəndələri iştirak etmişlər.




Dərc olunub : 2011-12-05 15:07:00
Oxunma sayı : 8