Görkəmli hüquqşünas alimlərin 70 illik yubileyləri qeyd olunub
Aprelin 24-də Hüquq və İnsan Haqları İnstitutunda hüquq elminin inkişafına mühüm töhfələr vermiş Ekspert Şurasının üzvləri — Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, h.e.d., professor Rüstəm Məmmədovun və Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, h.e.d., professor Kamil Səlimovun 70 illik yubileylərinə həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə tanınmış hüquqşünas alimlər yubilyarları səmimi-qəlbdən təbrik edərək, onların zəngin elmi-pedaqoji fəaliyyətlərini və peşəkar xidmətlərini yüksək qiymətləndiriblər.
Tədbirin bədii hissəsində professorların elmi fəaliyyətlərini əks etdirən videoçarx nümayiş olunub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun video-təbriki təqdim olunub.
Qeyd edək ki, professor Rüstəm Məmmədovun elmi fəaliyyəti çərçivəsində 35 adda dərslik və monoqrafiyanın nəşri, 200-dən artıq elmi məqalənin müxtəlif xarici ölkələrdə və bir neçə dildə dərc olunması onun beynəlxalq elmi mühitdə tanınmasının bariz göstəricisidir. O, eyni zamanda beynəlxalq hüquq sahəsində 56 yüksək ixtisaslı mütəxəssisin hazırlanmasına elmi rəhbərlik etmişdir. Professor Kamil Səlimov isə kriminalistika və məhkəmə ekspertizası istiqamətində 101 elmi məqalə, 2 monoqrafiya, 4 kitab və 1 patentin müəllifi kimi bu sahənin həm nəzəri, həm də tətbiqi aspektlərinin inkişafında əhəmiyyətli rol oynamışdır. Onların elmi irsi hüquq elminin müasir çağırışlarına cavab verən fundamental və praktik bilik bazasının formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Hər iki yubilyarın elmi əsərlərinin H-indeks (Hirsch indeksi) göstəricisi ölkə üzrə hüquqşünas alimlərin arasında top-10-da yer alır; onların yazdıqları məqalələr ən çox istinad edilən 10 məqalə sırasındadır.
Tədbirdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Vəkillər Kollegiyası, Dövlət Vergi Xidməti, həmçinin Mediasiya Şurasının nümayəndələri və bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti, o cümlədən hüquqşünas alimlər iştirak ediblər.
Dərc olunub : 24-04-2026
Oxunma sayı : 61