Günay Əliyevanın “Təhlükəsizlik və İnsan hüquqlarının müdafiəsinə dair qanunvericiliyin mahiyyəti” adlı məqaləsi dərc olunub

27 dekabr tarixində Azərbaycan Respublikası DİN-in Polis Akademiyası Ümumdünya insan hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirmişdir. Əməkdaşımız Günay Əliyevanın “Təhlükəsizlik və İnsan hüquqlarının müdafiəsinə dair qanunvericiliyin mahiyyəti” adlı məqaləsi konfransın məqalələr toplusuna salınmışdır.
Məqalədə müasir milli təhlükəsizlik konsepsiyaları üçün xarakterik amillərdən biri və daha əhəmiyyətlisi olan insan təhlükəsizliyindən bəhs olunur. Dövlət o halda təhlükəsizliyə malikdir ki, yalnız təcavüz və hücum təhlükəsini deyil, həm də vətəndaşlarının normal həyat tərzini, sosial-iqtisadi əmin-amanlığını təmin etmiş olsun. Müasir milli təhlükəsizlik qarşılıqlı əlaqədə olan əsasən üç elementin: şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin məcmusundan ibarət formalaşdırılır. Cəmiyyətin, dövlətin təhlükəsizlik səviyyəsi şəxsiyyətin təhlükəsizliyinin təminat ölçüsündən, hüquqi dəyərlərinin gözlənilməsindən asılıdır.
Müəllif məqalədə bildirir ki, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoymuşdur. Eyni zamanda məqalədə respublikamızda mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmasına dair şərhlər də geniş yer almışdır.




Dərc olunub : 2022-12-29 01:40:00
Oxunma sayı : 3