Hüquq və İnsan Haqları İnstitutunda akademik hüquqi yazı və h-indeks üzrə məlumat sessiyası təşkil olunub

Hüquq və İnsan Haqları İnstitutu Azərbaycanın hüquqşünas alimlərinin beynəlxalq elmi məkanda tanınmasında, h-indeks (Hirsch indeksi) reytinqlərinin yüksəldilməsi istiqamətində ardıcıl işlər həyata keçirir və bu sahədə ölkə üzrə aparılan sistemli fəaliyyətə mühüm töhfə verir.

Bu fəaliyyətin davamı olaraq, aprelin 7-də İnstitut tərəfindən “H-indeksin yüksəldilməsi üsulları və akademik hüquqi yazının əsasları” mövzusunda məlumat sessiyası təşkil olunub. Sessiyada İnstitutun Ekspert Şurasının üzvləri – h.e.d. Ceyhun Qaracayev, h.ü.f.d. hakim Nail Abbasov, Bakı Dövlət Universitetinin (BDU) müəllimi, h.e.d. Gülnaz Rzayeva, eləcə də “BDU Tələbə Hüquq Jurnalı”nın məsul redaktoru Xədicə Abbasova təqdimatçı qismində çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər.

Sessiyada beynəlxalq elmi jurnallarda nəşr imkanlarının artırılması, xarici elmi dairələrlə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, h-indeksin hesablanma mexanizmi, formalaşma mərhələləri, eləcə də elmi fəaliyyətin beynəlxalq standartlara uyğun təşkili ilə bağlı ətraflı və praktik yönümlü məlumatlar təqdim olunub. Təlimçilər xüsusilə akademik hüquqi yazının hazırlanması prosesinə toxunaraq, mövzu seçimi, mənbələrlə işləmə, istinad qaydaları, strukturlaşdırma və elmi üslubun qorunması kimi vacib mərhələləri, h-indeksin artırılmasında uğurlu strategiyanın yaradılması məsələlərini sistemli şəkildə izah ediblər. Vurğulanıb ki, bu proseslər ilk baxışda mürəkkəb görünsə də, düzgün metodoloji yanaşma tətbiq edildikdə, elmi işlərin keyfiyyətinə və beynəlxalq nüfuzuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Tədbirdə hüquqşünas tədqiqatçılar, hüquq sahəsi üzrə təhsil alan tələbələr, eləcə də elmi məqalə yazmaqda maraqlı olan digər şəxslər iştirak ediblər. Sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, praktik tövsiyələr verilib və elmi məqalələrin hazırlanması ilə bağlı qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları izah olunub.

 


Dərc olunub : 07-04-2026

Oxunma sayı : 83