Hüquq və İnsan Haqları İnstitutunda ədalətli məhkəmə baxışı mövzusuna dair təlim təşkil olunub
Oktyabrın 2-də Hüquq və İnsan Haqları İnstitutunda “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi: ədalətli məhkəmə baxışı” mövzusunda təlim keçirilib. Təlimdə hakimlər, vəkillər, bir sıra dövlət qurumlarının hüquqşünasları, eləcə də ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllim və tələbələri olmaqla, ümumilikdə 21 nəfər iştirak edib.
Təlimin açılışında İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxış edərək İnstitutun fəaliyyəti və qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib. O, insan hüquqlarının müdafiəsi sahəsində peşəkar bilik və bacarıqların davamlı inkişaf etdirilməsinə xidmət edən müasir yanaşmaların öyrənilməsinin vacibliyini vurğulayıb.
V.İbayev qeyd edib ki, hüquqların yalnız qanunvericilikdə təsbit olunması kifayət deyil. Onların effektiv müdafiəsi üçün hər bir şəxsin müstəqil və qərəzsiz məhkəməyə çıxış imkanının təmin edilməsi vacibdir. O, ədalətli məhkəmə hüququnun təmin edilməsinin hüququn aliliyinin və insan hüquqlarının etibarlı müdafiəsinin əsas şərtlərindən biri olduğunu diqqətə çatdırıb.
Təlim çərçivəsində İnstitutun şöbə müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev tərəfindən təqdimatlar edilib. Təqdimatlar zamanı AİHK-nın 6-cı maddəsinin əsas müddəaları təhlil olunub, “ədalətli məhkəmə baxışı” anlayışının əsas elementləri, məhkəməyə çıxış hüququ, müstəqil və qərəzsiz məhkəmə, ağlabatan müddətdə məhkəmə araşdırması, tərəflərin bərabərliyi və çəkişmə prinsipi ətrafında ətraflı məlumatlar verilib.
Bununla yanaşı, məhkəmə qərarlarına dair tələblər, təqsirsizlik prezumpsiyası, müdafiə hüququ, sübutlar, şahidlərin dinlənilməsi və vəkilin prosesdə iştirakı ilə bağlı məsələlər də müzakirə olunub.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar nəzərdən keçirilib.
Dərc olunub : 02-10-2026
Oxunma sayı : 41