Hüquq və İnsan Haqları İnstitutunda jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə fevralın 28-də jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun fəaliyyəti haqqında media nümayəndələrinə ümumi məlumat verib. Sədr İnstitutun insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gördüyü işlərin mətbuatda mütəmadi olaraq işıqlandırılmasında media nümayəndələrinin böyük rolundan danışaraq qeyd edib ki, bu təlim mediada paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması ilə bağlı rast gəlinən məsələlərin aradan qaldırılması məqsədilə təşkil olunub.   

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında İnstitutun insan hüquq və azadlıqlarının qorunması istiqamətində keyfiyyətli xəbər istehsalının təmin edilməsinə yönələn təşəbbüsünü yüksək dəyərləndirib, həmçinin keçirilən təlimin bu növ informasiyaların əldə olunması, ötürülməsi və yayımı istiqamətində jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına xidmət etdiyini bildirib. Eyni zamanda, Medianın İnkişafı Agentliyinin jurnalistlər və media subyektləri üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Gülnaz Ələsgərova və Hamlet Babayev “Media və insan hüquqları” və “Xəbərlərin işıqlandırılması zamanı insan hüquqlarının təmin edilməsi” mövzularını əhatə edən təqdimat modulları ilə çıxış ediblər.

Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.




Dərc olunub : 2024-02-28 14:22:00
Oxunma sayı : 105