Hüquq və İnsan Haqları İnstitutunda ötən ilin yekunlarına həsr olunmuş görüş keçirilib
Yanvarın 21-də Hüquq və İnsan Haqları İnstitutunda ötən ilin yekunlarına həsr olunmuş görüş keçirilib. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək hesabat dövrü ərzində həyata keçirilən tədbirlər, görülən işlər, əldə olunan nəticələr, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan əsas hədəf və prioritetlər barədə məlumat verib. Görüş zamanı İnstitutun ötən illərdəki fəaliyyətləri arasında müqayisələr aparılıb, gələcək planlar və qarşıda duran vəzifələr müzakirə olunub. Bununla yanaşı, İnstitutun Ekspert Şurasının sıralarına yeni qoşulan üzvlər – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sabiq hakimi və sədri Səadət Bəktaşi, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, h.e.d. Ceyhun Qaracayev və Nəsimi Rayon Məhkəməsinin hakimi, h.ü.f.d. Nail Abbasov əməkdaşlara təqdim edilib. Yeni üzvlərin İnstitutun fəaliyyətinə töhfə verəcəyi də xüsusi vurğulanıb.
Dərc olunub : 22-01-2026
Oxunma sayı : 105