Hüquq və İnsan Haqları İnstitutunda tələbələr və hüquqşünaslara təlim keçirilib
Hüquq və İnsan Haqları İnstitutu dekabrın 4-də hüquq ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyan maarifləndirici təlim keçirib. “Mülkiyyət hüququnun müdafiəsi və Avropa İnsan Hüquqları Konvensiyası kontekstində mülkiyyət hüquqları” mövzusuna həsr olunan tədbir ali təhsil müəssisələrinin hüquq fakültələrində təhsil alan tələbələri və hüquqşünasları bir araya gətirib. Ümumilikdə 17 iştirakçı mülkiyyət hüquqlarının beynəlxalq standartlar çərçivəsində tətbiqi və müdafiəsi barədə bilik əldə etmək imkanı qazanıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev mülkiyyət hüququnun formalaşmış qanunvericilik bazası, dövlət müdaxiləsinin hüquqi sərhədləri və Avropa İnsan Hüquqları Məhkəməsinin bu sahəyə dair mövqeyi haqqında geniş təqdimatla çıxış edib. O bildirib ki, bu cür təlimlər gənc hüquqşünasların nəzəri biliklərinin praktik müstəvidə möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Təlimçi-ekspertlər Hamlet Babayev və Heydər Həsən oğlu Əliyev mülkiyyət hüququnun mahiyyəti, müdafiə üsulları, Avropa Məhkəməsinin qərarlarının təhlili və hüquqi nəticələri barədə interaktiv təqdimatlar ediblər.
Təlimin praktiki mərhələsində iştirakçılar hipotetik işlərin müzakirəsində iştirak ediblər. Kazuslar üzərində işləyərək mülkiyyət hüququnun tətbiqi ilə bağlı mübahisəli halların təhlil edilməsi və iştirakçıların öz mövqelərini əsaslandırması təlimin yekun mərhələsi olub. Sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Dərc olunub : 04-12-2025
Oxunma sayı : 124