Hüquq və İnsan Haqları İnstitutunda “Uşaqyönümlü hüquqi yardım” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) və UNICEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə yanvarın 30-da “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda birgünlük təlim keçirilib.
Tədbir iştirakçılarını salamlayan İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimin işinə uğurlar arzulayıb və uşaq hüquqlarının müdafiəsinin dövrün ən aktual problemlərindən biri olduğunu qeyd edib. Sədr bildirib ki, İnstitut cəzaçəkmə müəssisələrində uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir.
Daha sonra Vəkillər Kollegiyası Akademiyasının rəhbəri, professor Əmir Əliyev uşaq hüquqlarının müdafiə olunmasında vəkilin rolundan bəhs edib, eyni zamanda cinayət, inzibati və mülki sahələrdə uşaqların hüquqlarının qanunvericiliklə qorunduğu məqamlara toxunub. Professor bu fəaliyyətin Vəkillər Kollegiyasının diqqət mərkəzində olduğunu da qeyd edib.
UNICEF-in eksperti, hüquqşünas-təlimçi Rafiq Alışov “Uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər”, “Uşaqyönümlü hüquqi yardımın sosial-psixoloji aspektləri” və digər mövzularda çıxış edib. Tədbirdə İnstitutun təlimçi-eksperti Heydər Həsən oğlu Əliyevin təqdimatı “Uşaq hüquqları və sosial media” mövzusunda olub.
Dərc olunub : 31-01-2024
Oxunma sayı : 133