Hüquq və İnsan Haqları İnstitutunda yeni nəşrlərin təqdimatı keçirilib  

Yanvarın 30-da Hüquq və İnsan Haqları İnstitutunda “Hüquq nəzəriyyəsi” və “Hüquq nədir?” adlı iki yeni kitabın təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi Əli Qədimovun müəllifi olduğu bu nəşrlər hüququ yalnız norma və qaydalar toplusu kimi deyil, cəmiyyətin sosial dəyər sistemi ilə bağlı çoxşaxəli bir anlayış kimi təqdim edir.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə yeni nəşrlərin hüquq mədəniyyətinin formalaşmasına və cəmiyyətdə hüquqa olan etimadın güclənməsinə xidmət edəcəyini vurğulayıb. Bildirib ki, müəllifin elmi yanaşması müasir hüquq təhsilinin tələblərinə cavab verir, təqdim edilən kitablar elmi və tədris baxımından əhəmiyyətlidir. M.Quluzadə İnstitutun hüquq elminin inkişafına yönəlmiş elmi təşəbbüslərə hər zaman dəstək verəcəyini də xüsusi qeyd edib.

Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev hər iki kitabı hüquqi maarifləndirmə sahəsində əhəmiyyətli elmi nəşr kimi dəyərləndirib, həmçinin müəllifin sadə və aydın dilinin elmi üslubla uğurlu vəhdət təşkil etdiyini diqqətə çatdırıb.

Təqdim olunan nəşrlərdən “Hüquq nəzəriyyəsi” kitabı iki əsas hissədən ibarətdir. Birinci hissədə hüququn mahiyyəti və anlayışı, prinsipləri, normaları, hüquqi faktlar, eləcə də hüquq sisteminin strukturu ardıcıl formada təqdim olunur. İkinci hissədə isə hüquq münasibətləri, hüququn tətbiqi mexanizmləri, hüquqi şüur və hüquq mədəniyyəti, hüquqi məsuliyyət, həmçinin hüququn sosial dəyişikliklərlə əlaqəsi geniş təhlil edilir.

“Hüquq nədir?” kitabında hüququn yaranma səbəbləri, cəmiyyətdəki rolu, “ədalət” anlayışı ilə qarşılıqlı əlaqəsi və insan davranışlarını necə istiqamətləndirməsi əsas tematik xətt kimi təfsir olunur. Eyni zamanda, nəşrdə hüquq – sosial razılaşma, etik məsuliyyət və ictimai vicdanın ifadəsi kimi şərh edilir.

Tədbirdə dövlət qurumlarının hüquqşünasları, hüquqşünas alimlər, vəkillər, mediatorlar, hüquq üzrə təhsil alan tələbələr iştirak ediblər.

 

 


Dərc olunub : 30-01-2026

Oxunma sayı : 161