Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları Gəncə Şəhər İcra Hakimiyyətində təlim keçirib

Hüquq və İnsan Haqları İnstitutu sentyabrın 22-də Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirib.

Tədbirin açılışında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adil Tağıyev çıxış edərək mülkiyyət hüququnun qorunmasının hüquqi dövlətin vəzifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarındakı müddəaların nəzərə alınması dövlət qurumlarının fəaliyyətində hüquqi yanaşmaların təkmilləşdirilməsinə imkan yaradır. Belə təlimlərin əməkdaşların mülkiyyət hüququ ilə bağlı məsələlərə daha diqqətli və hüquqi əsaslarla yanaşmalarına töhfə verəcəyini vurğulayıb.

Təlimdə İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev təqdimatlarla çıxış ediblər. Görüşdə mövcud milli qanunvericilikdə mülkiyyət hüquqlarının qorunması məsələləri, Avropa Məhkəməsinin mülkiyyət hüququna dair presedentləri və Azərbaycanla bağlı qəbul edilmiş qərarların nəticələri diqqətə çatdırılıb.

Təlimin praktiki hissəsində hipotetik işlər müzakirə olunub, iştirakçılar müxtəlif hüquqi situasiyaları təhlil edərək mülkiyyət hüququ ilə bağlı mümkün pozuntuların qarşısının alınması və hüquqi müdafiə mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparıblar.

Tədbir iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında interaktiv müzakirələrlə davam edib.

 


Dərc olunub : 22-09-2026

Oxunma sayı : 40