Hüquq və İnsan Haqları İnstitutunun və Medianın İnkişafı Agentliyinin rəhbərləri arasında görüş keçirilib

Yanvarın 9-da İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovla görüşüb.

Görüşdə M.Quluzadə İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verib və qarşılıqlı faydalı əməkdaşlığın məqsədəuyğunluğunu qeyd edib. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Ə.İsmayılov əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı İnstitut tərəfindən Onlayn mediada insan hüquqlarının pozulmasına dair hazırlanmış monitorinq hesabatını yüksək qiymətləndirib və bu monitorinqin nəticələrinə əsasən İnstitut tərəfindən jurnalistlər üçün silsilə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

İnstitutun İdarə Heyətinin sədri bu cür təlimlərin keçirilməsinin media mənsublarının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə, o cümlədən jurnalistlərin insan hüquqları ilə bağlı biliklərinin artırılmasına töhfə verəcəyini bildirib.




Dərc olunub : 2024-01-10 17:00:00
Oxunma sayı : 105