İcra Hakimiyyətində Konstitusiyada insan hüquqlarının təminatı müzakirə olundu

Noyabrın 4-də Hüquq və İnsan Haqları İnstitutu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda məlumat sessiyası keçirilib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd edib ki, Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyulub. Bu isə dövlətçilik tarixində mühüm hadisə olmaqla, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslı zəmin yaradıb.

Daha sonra İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Heydər Həsən oğlu Əliyev tədbir iştirakçılarına İnstitutun fəaliyyəti haqqında məlumat verərək, insan hüquq və azadlıqları sahəsində, eləcə də qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Təlimçi-ekspert H.Əliyev “Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda təqdimatla çıxış edərək, Konstitusiyada insan hüquqlarının müdafiəsi baxımından əks olunan maddələri şərh edib, iştirakçılara ətraflı məlumat verib.
Sonda tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə sədrləri və gənclər mövzu ətrafında geniş müzakirə aparıblar.


Dərc olunub : 07-11-2025

Oxunma sayı : 76