İdarə Heyəti sədrinin müavini Polis Akademiyasında təşkil olunan tədbirdə çıxış edib
İyunun 11-də İnstitutun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Azərbaycan Respublikasının Konstitusiyası suverenliyin və insan hüquqlarının təmin olunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən tədbirdə iştirak edib. “İnsan Hüquqları Günü”nə, həmçinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə V.İbayev insan hüquqlarının Konstitusiya təminatları və suverenlik mövzusu ilə bağlı çıxış edib.
Sədr müavini çıxışında qeyd edib ki, insanın fundamental azadlıqları, azadlıq hüququnun insan həyatında yeri, hüquq-mühafizə orqanları əməkdaşlarının azadlıq hüququnun təminində rolu hüquqi dövlətdə mühüm əhəmiyyətə malikdir və bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasında geniş şəkildə təsbit olunub.
Tədbirdə Konstitusiyanın insan hüquq və azadlıqlarının təmin edilməsində vacibliyi və hüquqi dövlət quruculuğunda bu prinsiplərin əhəmiyyəti xüsusi vurğulanıb. Sonda Polis Akademiyasının kursantları ilə insan hüquqlarının müdafiəsi sahəsində peşəkarlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Dərc olunub : 12-06-2025
Oxunma sayı : 86