İdarə Heyətinin sədri Dünya Bankının nümayəndələri ilə görüşüb

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, Dövlət sektoru üzrə qrup rəhbəri Eva Melis, İdarəçilik üzrə ekspert Karsten Mahnke və Ədliyyə və məhkəmə sistemində həyata keçirilən layihələrin koordinatoru Ramin Qaraqurbanlı ilə görüşüb.

İdarə Heyətinin sədri qonaqlara İnstitutun 2023-cü ildə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verərək və səmərəli beynəlxalq tərəfdaşlıq çərçivəsində əldə edilən nailiyyətlər barədə təfərrüatları təqdim edib. Məhəmməd Quluzadə İnstitutun təlimçi-ekspertləri tərəfindən dövlət qurumlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və hüquq mühafizə orqanlarının əməkdaşları üçün təşkil edilən və əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinin gücləndirilməsində vacib olan bacarıqların inkişafı ilə bağlı silsilə təlimlər barədə ətraflı bəhs edib.  Eyni zamanda, İdarə Heyətinin sədri Dünya Bankının öz layihələri vasitəsilə Azərbaycanda məhkəmə-hüquq və ədliyyə sistemində aparılan islahatlara böyük töhfə verdiyini vurğulayıb. 

Dünya Bankının nümayəndəsi Eva Melis ölkədə ədliyyə və məhkəmə sistemindəki islahatların inkişafı üçün aparılan layihələrdən danışıb. O, bildirib ki, sözügedən fəaliyyətlər çərçivəsində məhkəmə infrastrukturunun yenilənməsi, elektron xidmətlərin inkişafı, məhkəmə sisteminin şəffaflaşdırılması, vətəndaşlara göstərilən hüquqi yardım xidmətlərinin təkmilləşdirilməsi kimi sahələrdə Dünya Bankı tərəfindən Azərbaycan hökumətinə zəruri texniki dəstək göstərilib.

Müzakirələr zamanı İdarə Heyətinin sədri bu görüşün gələcəkdə İnstitut və Dünya Bankının əməkdaşlığı üçün səmərəli olacağını bildirib.

Xatırladaq ki, 2018-2020-ci illərdə Dünya Bankının dəstəyi ilə İnstitutda “Hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi həyata keçirilmiş və bu layihə çərçivəsində 8500-ə yaxın vətəndaş ödənişsiz hüquqi yardım xidmətindən yararlanmışdır.

 




Dərc olunub : 2023-10-31 14:21:00
Oxunma sayı : 76