“İnsan Hüquqları Aylığı” çərçivəsində İnstitutun rəhbəri Naxçıvan Dövlət Universitetində işgüzar səfərdə olub

18 may - 18 iyun – “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) rəhbəri Naxçıvan Dövlət Universitetində (Universitet) işgüzar səfərdə olub. 

14 iyun tarixində Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin birgə iştirakı ilə ümumi işlər üzrə prorektor Xəyal Camalov və İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə arasında  görüş təşkil olunub.

İlk öncə İnstitutun İdarə Heyətinin sədri M.Quluzadə rəhbərlik etdiyi İnstitutun fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verərək, qarşıda duran perspektivlər, gələcəkdə nəzərdə tutulan layihələr barədə söhbət açıb. O, çıxışında bildirib ki, İnstitut və Universitet arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, layihələrdə birgə iştirakın təmin olunması və etibarlı tərəfdaşlıq hüquq təhsil sisteminə uğurlu töhfələr verə bilər. Bununla yanaşı, M.Quluzadə İnstitutda yeni yaradılmış “Hüquq və insan haqları virtual kitabxanası”nın Hüquq fakültəsi tələbələrinin baza təhsilinin bilavasitə zənginləşməsində böyük rol oynayacağını da qeyd edib.

Qarşılıqlı əməkdaşlıq məsələlərinin genişlənməsinin vacibliyi vurğulanan görüşdə Universitetin Hüquq fakültəsində təhsil alan tələbələrin təhsil səviyyəsinin yuksəldilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması, o cümlədən, milli zəmində beynəlxalq təhsil məkanlarına inteqrasiya etməsi istiqamətində söhbətlər aparılıb.

Görüş zamanı Universitetin Hüquq fakültəsi tələbələrinin İnstitutun keçirəcəyi respublika və beynəlxalq əhəmiyyətli konfrans və tədbirlərdə fəal iştirakını təmin etmək, onlar üçün İnstitutda təcrübə keçmək imkanını reallaşdırmaq, həmçinin, tələbələrin bilik və bacarıqlarından gələcək layihələrdə istifadə etmək imkanları kimi məsələlər müzakirə olunub.



 

 

 

 




Dərc olunub : 2023-06-14 18:56:00
Oxunma sayı : 89