“İnsan hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
“İnsan hüquqları aylığı” çərçivəsində iyunun 10-da Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi əməkdaşları üçün “İnsan hüquqları ” mövzusunda maarifləndirici təqdimatlar keçirilib.
Tədbirin açılışında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “İnsan hüquqları aylığı” çərçivəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq əməkdaşlığa görə İnstituta təşəkkürünü bildirib.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında qurumun insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyətlər, hüquq və insan haqları üzrə virtual kitabxana, normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülən işlər, hüquqi maarifləndirmə tədbirlərinin təşkili, vətəndaşların qanunvericiliyə dair təkliflərini təqdim etməsi üçün yaradılan PASS platforması və digər rəqəmsal imkanlar barədə məlumat verib.
Daha sonra İnstitutun şöbə müdirləri İsaməddin Xamoyev və Zümrüd Əlizadə mövzu üzrə təqdimatla çıxış edərək əmək və mədəni hüquqların insan hüquqları sistemindəki yeri, mahiyyəti, onların qarşılıqlı əlaqəsi və bu sahədə mövcud olan milli və beynəlxalq hüquqi təminat mexanizmləri barədə ətraflı məlumat veriblər.
Çıxışlarda Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, “Mədəniyyət haqqında” və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunların əsas müddəaları, eləcə də əmək münasibətlərində işçilərin hüquqlarının qorunması, mədəni irsin mühafizəsi, mədəni müxtəlifliyin təşviqi və insan yönümlü inkişaf prinsipləri iştirakçıların diqqətinə çatdırılıb.
Məruzəçilər, həmçinin bərabər əmək şəraiti, təhlükəsiz və sağlam iş mühiti, istirahət hüququ, əmək müqavilələrinin hüquqi əsasları və əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi məsələlərinə də toxunublar.
Tədbir iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Dərc olunub : 10-06-2026
Oxunma sayı : 17