"İnsan Hüquqları Aylığı" çərçivəsində Radiasiya Problemləri İnstitutunun əməkdaşlarına məlumat sessiyası keçirilib

18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun 52 əməkdaşı üçün “İnsan hüquqları və ətraf mühit” mövzusunda məlumat sessiyası təşkil edilib.

Mayın 27-də keçirilən sessiyada Radiasiya Problemləri İnstitutunun İcraçı direktoru Rəvan Mehdiyeva insan hüquqlarının müdafiəsinin və ətraf mühitin qorunmasının cəmiyyət üçün prioritet istiqamət olduğunu qeyd edərək, sağlam və təhlükəsiz yaşamaq hüququnun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Hamlet Babayev və Zümrüd Əlizadə Universal insan hüquqları konsepsiyası, Azərbaycan Konstitusiyası və müasir hüquqi tendensiyalar barədə geniş təqdimatla çıxış ediblər. Eyni zamanda, iştirakçılara ətraf mühitə qarşı qəsdlərin insan hüquqlarına təsiri və bu sahədəki mövcud problemlərin həlli yolları izah edilib. Sessiya boyunca iştirakçılar mövzu ətrafında müxtəlif məsələlərlə bağlı müzakirələrə qatılıblar.

Təqdimatda iqlim dəyişikliyi və baş verən ekoloji hadisələrin insan hüquqları ilə əlaqəsi və radiasiya problemləri kimi müasir dövrün aktual hüquqi və sosial məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Dərc olunub : 27-05-2025

Oxunma sayı : 72