İnstitut Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə vebinar keçirib

Aprelin 8-də Hüquq və İnsan Haqları İnstitutunun və Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) birgə əməkdaşlığı çərçivəsində “Əlilliyi olan şəxslərin və uşaqların hüquqları beynəlxalq konvensiyalarda” mövzusunda vebinar keçirilib. Təlimdə Naxçıvan MR-in İnsan Hüquqları üzrə  Müvəkkili Aparatının, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, eləcə də Naxçıvan Dövlət Universitetinin müəllim heyəti və media nümayəndələri iştirak ediblər.

Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Vahidə Bayramova iştirakçıları salamlayaraq, insan hüquqlarının humanizm, ədalət prinsipləri üzərində  qurulmasından və müasir dünyada insan hüquqlarının müdafiəsinin  əhəmiyyətindən bəhs edib. O, bugünkü təlimin xüsusi kateqoriyalı insanların hüquqlarının qorunmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova İnstitut haqqında məlumat verib, eyni zamanda, müzakirə olunacaq beynəlxalq konvensiyaların dövlət orqanlarının üzərinə qoyduğu öhdəliklərdən danışıb və təşkil olunan vebinarın əhəmiyyətini vurğulayıb.  

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Heydər Həsən oğlu Əliyev “Əlilliyi olan şəxslərin və uşaqların hüquqları beynəlxalq konvensiyalarda” mövzusunda çıxış edib və BMT-nin ayrı-ayrı hüquqlar və ya qruplarla əlaqədar qəbul etdiyi yeddi konvensiyadan ikisinin məhz uşaqlara və əlillərə həsr olunduğunu diqqətə çatdırıb. O, eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əlilliyi olan şəxslərin və uşaqların hüquqları ilə bağlı Konvensiyanın müvafiq maddələri üzrə baxdığı işlərlə əlaqədar çıxardığı qərarlar barədə məlumat verib.

Vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

         




Dərc olunub : 2024-04-08 18:00:00
Oxunma sayı : 100