İnstitutda “Gender bərabərliyi sahəsində mövcud problemlər və qanunvericilik təklifləri” mövzusunda dəyirmi masa keçirilib

Hüquq və İnsan Haqları İnstitutunun və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin (İB) birgə əməkdaşlığı çərçivəsində yanvarın 26-da “Gender bərabərliyi sahəsində mövcud problemlər və qanunvericilik təklifləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, İnstitut müxtəlif dövlət qurumlarının əməkdaşları üçün insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mütəmadi maarifləndirici tədbirlər keçirir. Bu işlərin davamı olaraq gender bərabərliyi sahəsində də yaranmış mövcud problemlərin aradan qaldırılması və erkən nikahların qarşısının alınması məqsədilə tədbirlərin həyata keçirilməsi İnstitutun əsas hədəflərindən biridir.  

“Erkən nikahlar qüvvədə olan beynəlxalq hüquqla qadağan edilib. 189 dövlətin iştirakçısı olduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın 16-cı maddəsinin 2-ci bəndi uşaqla nikahı və ya nişanlanmanı hüquqi cəhətdən etibarsız hesab edir. Buna baxmayaraq, Azərbaycanda 2022-ci ildə yaşı 18-ə çatmayan, lakin nikaha daxil olan qızların sayı 270 olub” - bu statistik göstəriciləri “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova çıxışı zamanı səsləndirib.

Tədbirdə gender bərabərliyi sahəsində mövcud problemlər və bu sahəyə aid qanunvericilikdə olan boşluqların aradan qaldırılması, erkən nikahların törətdiyi fəsadlar, insan alveri və kibertəhlükəsizlik, şəxsin köməksiz vəziyyətindən sui-istifadə, pul və ya digər maddi vəsaitlər müqabilində valideynlərin erkən nikaha razılığı, o cümlədən məcburi əmək və ya xidmətlər və digər bu kimi aktual mövzulara toxunulub. Müzakirələr zamanı bərabərlik hüququnu pozmağa görə cinayət məsuliyyətinin nəzərdə tutulması, boşanma prosesində verilən 3 ay barışıq müddətinin ləğvi, məişət zorakılığının cinayət əməli kimi tanınması və ağır cinayət hesab edilməsi, habelə, bərabər tərəfdaşlı ailə modelinin tətbiqi üçün “Ailələr üçün yol xəritəsi”nin hazırlanması təklifləri irəli sürülüb.

Dəyirmi masada DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, Dövlət Miqrasiya Xidməti, Sosial Tədqiqatlar Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olmaqla, ümumilikdə 27 dövlət və qeyri-hökumət təşkilatından 38 nəfər nümayəndə iştirak edib.




Dərc olunub : 2024-01-29 11:59:00
Oxunma sayı : 103