İnstitutda İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 3, 5 və 6-cı maddələrinə dair təlimlər keçirilib

 3-5 may tarixlərində Hüquq və İnsan Haqları İnstitutunda İnsan Hüquqları haqqında Avropa Konvensiyasının  (İHAK-ın)  3, 5 və 6-cı maddələrinə dair təlimlər keçirilib.

Təlimlər Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (Mərkəz), Hüquq və İnsan Haqları İnstitutu (İnstitut), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov qonaqları və təlim iştirakçılarını salamlayaraq Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zixi İnstitutda görməkdən məmnun olduğunu qeyd edərək, insan hüquqlarının təmin olunması sahəsində Mərkəz və İnstitut qarşısında qoyulmuş vəzifələr barədə məlumat vermiş, həmin vəzifələrin səmərəli icrası üçün bu cür təlimlərin keçirilməsinin vacibliyini bildirdi.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlim iştirakçılarına İnstitutun fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə umumi məlumat verdi, habelə insan hüquqları sahəsində yaranmış problemlərin aradan qaldırılması məqsədilə görüləcək işlərin və Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinin əhəmiyyətini vurğuladı.  

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru və Kollegiyanın sədr müavini Şahmar Məmmədov təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsində bu proqramın tanıdılmasının təkcə Azərbaycan hakimləri üçün deyil, eyni zamanda vəkillər üçün də keçirildiyini qeyd edərək, insan hüquqlarının müdafiəsi sahəsində Kollegiyanın son illərdə gördüyü işlər və bu sahədə Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verdi.

Beynəlxalq konsultant İvana Roaqnanın və milli konsultant Günel Sevdimalıyevanın təqdimatı ilə keçirilən təlimlər 14 sessiyanı əhatə edib.

3 günlük təlimlərdə “Azərbaycan və İHAK”, “Konvensiya sistemi: təfsir prinsipləri. İHAK-a gender əsaslı yanaşma”, “Andraqogikaya giriş və böyüklər üçün tədrisin prinsipləri”, “İHAK-ın 3,5-6-cı maddələri haqqında məlumat”,  “Azərbaycanla bağlı 3-cü maddə üzrə presedent hüququ”, “AŞ-nin HELP təlim platforması” və “İHAK üzrə məhkəmə tərəfindən əsaslandırmaya dair öhdəliklər” mövzularında ətraflı məlumat verilib.

Moderatorlar İvana Roaqna və Günel Sevdimalıyeva təlimçilərlə İHAK-ın 3-cü və 6-cı maddələri ilə bağlı praktik kazus və testlər üzərində iş aparmış, gündəlikdə duran əsas məsələlərə təfsilatlı izahlar vermiş, həmçinin təlimin metodologiyasını şərh etmişlər.

Ümumilikdə, 27 nəfərin  iştirak etdiyi təlimdə Avropa Şurasının Bakı Ofisinin nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkilləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Mərkəzin və İnstitutun əməkdaşları iştirak etmişlər.


Dərc olunub : 05-05-2023

Oxunma sayı : 242