İnstitutumuzun rəhbəri Heydər Əliyevin 100 illiyi münasibətilə DTX-nın keçirdiyi konfransda iştirak edib

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində keçirilən “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktik konfransda iştirak edib.

Tədbiri giriş nitqi ilə açan DTX-nın rəisi, general-polkovnik Əli Nağıyev Heydər Əliyevin mənalı ömür yoluna nəzər salaraq, Ulu Öndərin Vətənin və xalqın rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açmışdır. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən Ə.Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nümunələri yaratdığını, təhlükəsizlik təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd etmişdir.

Konfransda bildirilmişdir ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyin olunması və general-mayor rütbəsinə layiq görülməsi yalnız onun fitri istedadı, dərin analitik təfəkkürü və yüksək bacarığı sayəsində mümkün olmuşdur.

 

 


Dərc olunub : 08-05-2023

Oxunma sayı : 80