İnstitutun İdarə Heyətinin sədri elmi-praktik konfransda məruzə ilə çıxış edib
Ölkəmizdə rəqəmsallaşma sahəsində əldə olunmuş mühüm nailiyyətlərin – ASAN xidmət, DOST xidməti və digər vətəndaşyönümlü təşəbbüslərin məntiqi davamı kimi “Rəqəmsal xidmətlərə çıxış hüququ”nun ayrıca insan hüququ kimi tanınması xüsusi əhəmiyyət kəsb edir. Bu fikri dekabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 77-ci ildönümü münasibətilə keçirilmiş elmi-praktik konfransda İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə səsləndirib.
“Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusuna həsr olunmuş konfransda İnstitutun rəhbəri məruzə ilə çıxış edib. M.Quluzadə məruzəsində rəqəmsal xidmətlərə çıxış hüququnun müstəqil insan hüququ kimi tanınmasının zəruriliyini vurğulayaraq, süni intellekt, elektron hökumət sistemləri və digər texnoloji yeniliklərin insan həyatına artan təsirindən bəhs edib. Belə ki, bu texnologiyalardan istifadəyə imkan verən rəqəmsal xidmətlərə çıxış hüququ universal dəyər daşıyaraq tədricən insan hüquqlarının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu baxımdan, sözügedən sistemin yaradılması və tətbiqi gələcəkdə vətəndaşların rəqəmsal xidmətlərə şəffaf və fasiləsiz çıxışını təmin etməklə yanaşı, insan hüquqlarının müdafiəsi mexanizmlərinin müasir tələblərə uyğun şəkildə formalaşdırılmasına xidmət edəcəkdir. Sədr rəqəmsal xidmətlərə çıxış hüququnun BMT və Avropa İttifaqındakı hüquqi əsaslarına istinad edib, habelə HEQT Mərkəzinin İcraçı direktoru ilə həmmüəllifi olduğu və Danimarkada dərc edilən “Rəqəmsal xidmətlərə çıxış hüququ – yeni insan hüququ kimi” adlı məqaləsində bu məsələlərin daha ətraflı araşdırıldığını qeyd edib.
Dərc olunub : 22-12-2025
Oxunma sayı : 102