İnstitutun əməkdaşları Nəsimi Rayon İcra Hakimiyyətində təlim keçiblər

Mayın 22-də  Hüquq və İnsan Haqları İnstitutunun təlimçiləri Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçiblər.

Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış”, “Sosial mediada məsuliyyət” “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.

İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova açılış edərək, İnstitutun əsas fəaliyyət istiqamətləri, hüquq və vəzifələri haqqında ətraflı məlumat vermiş, eyni zamanda təlimin keçirilməsinin əhəmiyyət və məqsədini izah etmişdir. Təlimçi-ekspert Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” mövzusunda hazırladığı təqdimatda bildirib: Dövlət orqanlarının internet saytlarının mobil versiyalarının hazırlanması, onların sosial şəbəkə səhifələrinin açılması və aktiv fəaliyyətinin təmin edilməsi Azərbaycan Prezidentinin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökümətin təşviqinə dair Milli Fəaliyyət Planı”na əsasən həyata keçirilməlidir”. Təlimçi çıxışında həmçinin, qeyd edib ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2-ci maddəsinə əsaslanaraq şəxsin informasiya məkanından istifadə etməsi onun müstəsna hüququdur və şəxsin informasiya əldə etmək hüququ digər hüquqlara zidd ola bilməz.

İnstitutun digər təlimçiləri Gülnaz Ələsgərova “Vətəndaşların müraciətlərinə baxılması”, Nəzrin Əliyeva isə “Korrupsiya, rüşvət və etik davranış” mövzularında təqdimatla çıxış etmiş, Avropa Konvensiyasının 13-cü və 34-cü maddələrini, o cümlədən, bələdiyyələrin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı statistik rəqəmləri təlim iştirakçılarının diqqətinə çatdırmışlar.

Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılmış, mövzular ətrafında  fikir mübadiləsi aparılmış, eyni zamanda, təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması doldurulmuşdur.

Sonda təlimdə iştirak edən icra hakimiyyəti nümayəndələrinə sertifikatlar təqdim olunmuşdur.




Dərc olunub : 2023-05-23 14:12:00
Oxunma sayı : 131