İnstitutun maarifləndirici təlimləri Daxili İşlər Nazirliyinin Polis idarələrində davam etdirilir

“2023-cü ildən bu günə kimi İnstitut tərəfindən polis əməkdaşları üçün 12 rayon və şəhərdə olmaqla, 248 nəfərə “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusunda maarifləndirici təlimlər keçirilib” - bu fikirləri Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsində təşkil olunan təlimdə çıxışı zamanı səsləndirib.

İnstitut Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində silsilə maarifləndirici təlimləri davam etdirir. Növbəti təlim iyulun 9-da Nərimanov Rayon Polis İdarəsində 20 müstəntiq və təhqiqatçı üçün təşkil edilib.   

Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusunda həyata keçirilən bu təlim polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, şəxsi inkişaf və bacarıqlarının artırılması, o cümlədən xidməti vəzifə öhdəliklərini yerinə yetirərkən insan hüquqlarının müdafiəsi istiqamətində biliklərinin daha da möhkəmləndirilməsi məsələlərini ehtiva edib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Səbuhi Qasımov bu təlimlərin müstəntiq və təhqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək, ikitərəfli konstruktiv əməkdaşlığın davamlı olacağına ümid etdiyini bildirib.

Təlimdə İnstitutun şöbə müdiri Vüsalə Muradxanlı və təlimçi-ekspert Hamlet Babayev Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri, İşgəncə və ləyaqəti alçaldan rəftarın və ya cəzanın tətbiq edilməməsi, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsi - İnzibati həbs barədə maraqlı və əhatəli təqdimatlar ediblər. Həmçinin, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının müddəaları da izah olunub.

Təlimin müzakirələrə həsr olunan bölməsində iştirakçıların sualları cavablandırılıb, onlar bir sıra təklif və təşəbbüslərlə çıxış ediblər. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


Dərc olunub : 09-07-2024

Oxunma sayı : 127