İnstitutun növbəti təlimi Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün keçirilib

Mayın 26-da İnstitutun təlimçi-ekspertləri tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib. Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Dövlət qulluğu və korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.

Təlimin açılış nitqində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova qonaqları salamlayaraq bildirdi ki, İnstitutun təşkil etdiyi təlimlər dövlət qurumlarının əməkdaşları üçün çox vacibdir və xüsusi əhəmiyyət kəsb edir.

İnstitutun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev çıxışı zamanı İnstitut haqqında danışaraq, gələcəkdə nəzərdə tutulmuş təlimlər, eyni zamanda Bakı şəhərinin müxtəlif rayon icra hakimiyyəti orqanlarında, Daxili İşlər Nazirliyinin tabeliyində olan bir sıra polis idarə və şöbələrində, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif cəzaçəkmə müəssisələrində təşkil etdiyi çoxsaylı təlimlər barədə ətraflı məlumat verib.

Təlimçi-ekspert Araz Abdullasoy “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-1-ci maddəsi, “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş bəndlərin əhəmiyyəti, Avropa İnsan Hüquqları Konvensiyasının 6, 13 və 34-cü maddələri haqqında danışıb. Eyni zamanda, A.Abdullasoy vətəndaşların Onlayn İctimai Nəzarət Platformasına müraciətlərinin mahiyyətini və AR Konstitusiyasının 50, 57, 65 və 96-cı maddələrinin bəndlərini geniş izah edib.

İnstitutun təlimçi-eksperti Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” və  “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Təlimçi şəxsin sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi, ictimai nəzarətin təmin edilməsində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında QHT-lərin rolu məsələlərinə toxunub.

Təlimçi Nəzrin Əliyeva “Dövlət qulluğu və korrupsiya” mövzusunda çıxış edərək, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxslərin öz statuslarından, təmsil etdikləri orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq imtiyazlar və ya güzəştlər əldə etməsi halları barədə məlumat verib. O, habelə, vəzifələrindən azad edilmiş və həbs olunmuş məmurların statistikasını diqqətə çatdırmaqla, milli və beynəlxalq qanunvericiliklərdə bu problemlərin tənzimlənməsi məsələlərinin təhlilini aparıb.

Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin, təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması iştirakçılar tərəfindən doldurulub.

Sonda təlimdə iştirak edən icra hakimiyyəti əməkdaşlarına sertifikatlar təqdim olunub.                         

       




Dərc olunub : 2023-05-26 15:02:00
Oxunma sayı : 126