İnsan hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli sənəd

Aprelin 18-də DİN-in Polis Akademiyasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Tədbirin təşkilatçıları Polis Akademiyası və AMEA-nın İnsan Hüquqları İnstitutu idi.
 
Toplantını Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açaraq, ölkədə insan hüquq və azadlıqlarının qorunması sahəsində atılan addımlardan bəhs etmişdir. Milli Fəaliyyət Proqramının əhəmiyyətindən danışan natiq onun icrasının dövlətin prioritet istiqamətlərindən olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Proqramın icrası çərçivəsində Polis Akademiyasında görüləcək işlər polislərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
 
AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Milli Fəaliyyət Proqramının dövlət strukturları qarşısında qoyduğu mühüm vəzifələrdən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasında əsas insan hüquqları və azadlıqları ölkə rəhbərliyi səviyyəsində qorunur. Demokratik dövlət quruculuğu yolu ilə irəliləyən respublikada bütün sahələrdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirlməsi üçün müvafiq islahatlar aparılmaqdadır. A.Mustafayeva Azərbaycanın insan hüquq və azadlıqlarının qorunması sahəsində əhəmiyyətli uğurlar əldə etdiyini də vurğulamışdır. Milli Fəaliyyət Proqramının bütün fəsillərində müxtəlif sahələr üzrə öhdəliklərin dəqiq müəyyənləşdirilməsinin, onların həyata keçirilmə müddətinin və icra edilməsi üçün məsuliyyət daşıyan orqanların sənəddə öz əksini tapması Proqramın əhəmiyyətini daha da artırır.
 
Dəyirmi masada AMEA İnsan Hüquqları İnstitutunun direktor müavini Vüqar Məmmədov “Milli Fəaliyyət Proqramının icrası ilə bağlı İnsan Hüquqları İnstitutunun fəaliyyət perspektivləri” mövzusunda çıxış etmişdir. O, toplantı iştirakçılarına yaxın vaxtlarda institut tərəfindən görüləcək işlər barədə məlumat vermişdir.
 
Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, Azərbaycan Respublikası Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü Ceyhun Süleymanov ”Polis Akademiyasında insan hüquqlarının tədrisi sahəsində görülən işlər”lə bağlı çıxış etmişdir.
 
Tədbirdə iştirak edən Mili Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Rəfail Cəbrayılov, İlyas İsmayılov, eləcə də Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Zaur Əliyev Milli Fəaliyyət Proqramının əhəmiyyətindən danışmışlar.



Dərc olunub : 2012-04-19 15:25:00
Oxunma sayı : 20