İnstitutumuzun əməkdaşı Avropa Şurasında rəhbər vəzifəyə seçilib

04 dekabr 2018-ci ildə Strasburqda Avropa Şurasının insan hüquqlarının qorunması və ədalət mühakiməsi sahəsində ixtisaslaşan ən mötəbər qurumlardan olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə seçkilər keçirilmişdir.

Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılan seçkilərdə Azərbaycanın təmsilçisi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq Hüquq” şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, hakim Ramin Afat oğlu Qurbanov Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərələliyi üzrə Avropa Komissiyasının Prezidenti seçilib.

Ramin Qurbanov 2005-ci ildən Azərbaycanın nümayəndəsi olaraq həmin beynəlxalq qurumda müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin altı ekspertindən biri, Büronun üzvü, sonradan həmin Komissiyanın Vitse-prezidenti, habelə Avropa Şurasının İsveçrə, Estoniya, Gürcüstan, Kipr, Slovakiya, Litva, Makedoniya, Moldovaya təşkil edilən monitorinq qruplarının üzvü və rəhbəri olmuşdur.

Adətən Qərbi Avropa ölkələri nümayəndələrinin rəhbərlik etdiyi Komissiyada Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin belə yüksək vəzifəyə seçilməsi əlamətdar bir hadisədir. Qeyd edək ki, əvvəlki prezidentlər Qərbi Avropa ölkələrinin - Almaniya, İtaliya, İngiltərə və Avstriyanın nümayəndələri olmuşlar.


Dərc olunub : 04-12-2018

Oxunma sayı : 14