Qaçqinlarin hüquqlarinin müdafiəsi” mövzusunda beynəlxalq seminar

Avropa İttifaqı və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı  ilə 06-07mart 2017-ci il tarixlərdə Avropa İttifaqının TAIEX Proqamı çərçivəsində  “Qaçqınların hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Seminarın əsas məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə Azərbaycanda mövcud vəziyyətin təhlili, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur.

Tədbiri giriş nitqi ilə açan Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafazadə bildirmişdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror, soyqırım və təcavüz siyasətinin yüz illərlə əvvəl başlayan tarixə malikdir. O, 1988-ci ildə Ermənistandan 250 min azərbaycan vətəndaşının qovulduğunu,  amansız işgəncələr nəticəsində yüzlərlə insanın öldürüldüyünü qeyd etmişdir.  Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının 20%  torpağının zəbt edildiyini və 1milyondan çox insanın məcburi köçkün olaraq yaşadıqları yerləri tərk edərək respublikamızın müxtəlif şəhərlərinə, regionlarına üz tutduqlarını vurğulamışdır.  Neçə illər AR hökuməti bu vətəndaşların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası məsələsi ilə bağlı gördüyü işlərdən danışdı.

A.Mustafazadənin sözlərinə görə, Azərbaycanda qaçqınların hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində ciddi addımlar atılır və bu məqsədlə möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikasının böyük təcrübəsi bu gün Avropa dövlətləri üçün örnəkdir.

Həmçinin  A.Mustafazadə ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nın məcburi köçkünlərin həyat şəraitinə yönəldilən çox mühüm əhəmiyyətli sənəd olduğunu bildirmiş, mövcud problemlərin həllinin sürətləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Daha sonra, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin başçısı Alessandro Budai qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə Azərbaycanda mövcud vəziyyətin təhlili, qaçqın və vətəndaşlığı olmayan şəxslər barədə Avropa İttifaqının təcrübəsinin öyrənilməsi istiqamətində  görülən işlərdən danışdı.

Sonra seminar iştirakçılarından Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Nazim İsgəndərov (“Azərbaycanda üçüncü ölkə vətəndaşlarının beynəlxalq mühafizəsi sahəsində mövcud vəziyyət: qanunvericilik, təşkilatlar və prosedurlar”), qaçqınlara sığınacaq verilməsi üzrə müstəqil ekspert Sedrik Dartua -Belçika (“Ümumavropa sığınacağın təqdim olunması sistemi: Aİ-nin müvafiq qanunvericilik və standartları”), Avropa İttifaqının Avropa Münasibətləri və Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəhbəri İlona Selmonis -Latviya (“Avropa İttifaqının üzvü olan dövlətlərin sığınacaq verilməsi qaydası”) və başqaları qaçqınların statusu, onlara sığınacaq verilməsi və digər məsələlər ətrafında çıxış etmişlər.

Müzakirələr zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın müvafiq aspektləri ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildirmişlər.

Seminarın işində Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı (Ombudsman), Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də ali təhsil müəssisələrinin və bir sıra QHT-lərin nümayəndələri eləcə də, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

 


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 21