Məhəmməd Quluzadə Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

İyulun 12-də Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Candice McDeigan ilə görüşüb.

İkitərəfli əməkdaşlıq şəraitində keçən görüşdə Asiya İnkişaf Bankının layihələr üzrə baş mütəxəssisi Səbinə Yusifova və İnstitutun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev də iştirak ediblər.

M.Quluzadə İnstitutun fəaliyyəti haqqında geniş məlumat verərək, müəssisənin təlimçi-ekspertləri tərəfindən müvafiq dövlət qurumlarının əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün keçirilən silsilə təlimlərdən ətraflı bəhs edib.

Görüşdə tərəflər arasında qadınların iqtisadi cəhətdən gücləndirilməsi, gender bərabərliyinin təşviqi və məişət zorakılığının qarşısının alınmasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib, qadın sahibkarlığının inkişafı, həmçinin qadınların məşğulluğunun yaxşılaşdırılması üçün hüquqi mühitin təkmilləşdirilməsi mexanizmləri təhlil edilib. Eyni zamanda, qadın hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işlərinin aparılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

 




Dərc olunub : 2023-07-13 14:02:00
Oxunma sayı : 88