Əməkdaşımız Səmərqənddə keçirilən İnsan Hüquqları Forumunda iştirak edib

Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı Özbəkistanın Səmərqənd şəhərində “Ekoloji çağırışlar: dəyişən dünyada insan hüquqlarının gələcəyi, davamlı həll yollarının tapılması” mövzusunda təşkil olunan İnsan Hüquqları Forumunda iştirak edib.

V.Muradxanlı “İqlim dəyişikliyi və insan hüquqları: davamlı inkişaf üçün çağırışlar və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, İnstitutun fəaliyyəti haqqında ümumi məlumat verərək, insan hüquqlarının müdafiəsi təşəbbüslərinin təbliğində İnstitutun rolunu diqqətə çatdırıb və bildirib ki, bu forum beynəlxalq əməkdaşlığı gücləndirmək, iqlim dəyişikliyi şəraitində fundamental hüquqları qorumaq və yeni öhdəliklər əldə etmək üçün unikal imkan yaradacaq.

Məruzədə Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərində fəal iştirak etdiyi, Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirdiyi, həmçinin iqlim dəyişikliyinə uyğunlaşmaq üçün genişmiqyaslı islahatlar apardığı qeyd olunub. Həmçinin, Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin artırılması üzrə təşkil etdiyi tədbirlərə də toxunulub və hüquqi tövsiyələr öz əksini tapıb.  

Forumda bir çox fundamental hüquqlar, o cümlədən həyat, sağlamlıq, qida, təmiz su və təhlükəsiz mənzil hüquqları, sosial və iqtisadi qeyri-sabitliyin yaranması, gənclərin və gələcək nəsillərin inkişafı üçün birbaşa təhlükənin aradan qaldırılması mövzuları müzakirə olunub və iqlim dəyişikliyinin həssas qruplara - uşaqlara, qadınlara, əlillərə, miqrantlara, yerli xalqlara və azlıqlara təsir dairəsi təhlil edilib.


Dərc olunub : 21-06-2024

Oxunma sayı : 199