Müdafiə Nazirliyinin əməkdaşlarına maarifləndirici təlim təşkil olunub    

İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi biliklərin inkişaf etdirilməsi üçün maarifləndirici təşəbbüslər mühüm əhəmiyyət kəsb edir. “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) bu istiqamətdə görülən işlərin davamı kimi iyulun 21-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi Hərbi polis idarəsinin hərbi qulluqçuları üçün “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” mövzusunda təlim təşkil edib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova tədbirin açılışında insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, İnstitutun təşkil etdiyi təlimlər yalnız nəzəri biliklərin artırılmasına deyil, həm də praktik bacarıqların təkmilləşdirilməsinə xidmət edir.

Daha sonra İnstitutun təlimçiləri həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının yerli qanunvericilik tərəfindən qorunması, etik davranış qaydaları, işgəncələrin qadağan olunması, o cümlədən "BMT-nin məhbuslarla davranışın minimal standart qaydaları" və bu kimi digər mövzulara dair təqdimatlar ediblər.

Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və interaktiv müzakirələr aparılıb. Sonda 14 iştirakçı sertifikatla təltif olunub.

 


Dərc olunub : 21-07-2025

Oxunma sayı : 93