Nizami Rayon Polis İdarəsində “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair təlim keçirilib

“Şəxsi azadlıq hər bir fərdin təhlükəsiz və bərabər şəraitdə yaşamaq hüququnu təmin edir. Azadlığın pozulması yalnız qanuni əsaslarla mümkün olmalı və hüququn pozulmasına yol verilməməlidir.” — bu fikirlər 25 dekabr 2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunun Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Nizami Rayon Polis İdarəsində təşkil etdiyi təlimdə səsləndirilib.

Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusuna həsr olunan təlimin keçirilməsinin məqsədi müstəntiq və təhqiqatçıların peşə bacarıqlarını inkişaf etdirmək, onların şəxsi inkişafını dəstəkləmək və hüquqi təfəkkürlərini genişləndirməkdir.

DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Səbuhi Qasımov salamlama nitqi ilə çıxışı zamanı qeyd edib ki, İnstitutun bu mövzuya müraciət etməsi yalnız polis əməkdaşlarının hüquqi biliyini artırmağa deyil, eyni zamanda hüquqşünasların da peşə inkişafına yönəlib. Həmçinin S. Qasımov, bu təlimin təşkilini hüquq və ədalət naminə atılmış mühüm bir addım olaraq qiymətləndirib.

Təlimdə azadlıq və şəxsi toxunulmazlıq hüququnun qanuni çərçivəsi, təhlükəsiz və bərabər şəraitdə yaşamaq hüququ, təhqiqatçıların və müstəntiqlərin peşə bacarıqlarının təkmilləşdirilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik praktikası, Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox rast gəlinən pozuntular və etik prinsiplərin tətbiqi məsələlərinə geniş yer verilib.

Təlim İnstitutun şöbə müdiri Vüsalə Muradxanlı və təlimçi-ekspertlər: Hamlet Babayev ilə Heydər Həsən oğlu Əliyev tərəfindən vacib təqdimatlarla həyata keçirilib.

İştirakçılara təkcə hüquqi nəzəriyyə deyil, həm də praktikada qarşılaşa biləcəkləri məsələlər haqqında məlumat verilib. Bu məqsədlə, təlimin sonunda kazus mövzuları üzrə iştirakçılar qrup işləri təqdim ediblər. Kazuslar ətrafında maraqlı fikirlər və təkliflər irəli sürülüb. Təlimin yekununda 20 polis əməkdaşına sertifikatlar təqdim edilib.


Dərc olunub : 25-12-2024

Oxunma sayı : 34