Əməkdaşımız Günel Əliyeva vebinarda iştirak edib

Dekabrın 8-də Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə “Məişət zorakılığı insan hüquqları pozuntusu kimi” mövzusunda təqdimat təşkil edilmişdir. Təqdimat Avropa İnsan Hüquqları Məhkəməsinin azərbaycanlı hakimi Lətif Hüseynov və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tərəfindən, layihənin rəhbəri Pərvanə Bayramovanın moderatorluğu ilə həyata keçirilmişdir. ZOOM platforması üzərindən keçirilən vebinarda əməkdaşımız Günel Əliyeva da iştirak etmişdir.
Tədbirdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkədaxili məişət zorakılığından müdafiə mexanizmi və Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlara qarşı mübarizə haqqında İstanbul konvensiyasının ayrı-ayrı müddəaları müzakirə edilmişdir. İştirakçılar tərəfindən Azərbaycanda qadınlara qarşı zorakılıq, məişət zorakılığı sahəsində qanunvericilik bazasının Avropa Şurasının və digər beynəlxalq təşkilatların standartlarına uyğunlaşdırılması kimi məsələlərin, habelə normativ-hüquqi aktlarda olan boşluqların təhlili aparılmışdır.
Tədbirdə Avropa və dünya ölkələrində məişət zorakılığına münasibət, məişət zorakılığının formaları, məişət zorakılığı beynəlxalq məhkəmələrdə kimi məsələlər ətraflı müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin məişət zorakılığı ilə bağlı təcrübəsi daha dərindən öyrənilməlidir. Avropa Məhkəməsinin məişət zorakılığına yanaşması, həmçinin Avropa Şurasının məişət zorakılığına dair bəyanatı ilə bağlı fikir mübadiləsi aparılmışdır.




Dərc olunub : 2022-12-09 21:55:00
Oxunma sayı : 21