İnstitutumuz Rusiyada təmsil olundu

10-11 dekabr 2018-ci il tarixdə REA-nın Dövlət və Hüquq İnstitutu Rusiya Hüquqşünaslar Assosiasiyası ilə birgə Rusiya fundamental tədqiqatlar fondunun dəstəyi ilə “Rusiya Federasiyası Konstitusiyasının XXV illiyi: Bəşəriyyətin sivil inkişafında hüquq paradiqmasının transformasiyası” adlı beynəlxalq iştiraklı ümumrusiya elmi konfransı keçirmişdir.

Həmin konfransda AMEA Hüquq və İnsan Haqları İnstitutunu təmsil edən, institutun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, hüquq elmləri doktoru, dosent Ayxan Xankişi oğlu Rüstəmzadə “Azərbaycan Respublikası kontekstində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir konstitusiya islahatları” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə qeyd olunmuşdur ki, müstəqil Azərbaycanın qanunları sovet Azərbaycanının qanunlarından əhəmiyyətli dərəcədə fərqlənir, həmçinin onlar, bu və ya digər dərəcədə, demokratik islahatlara istiqamətlənir. Həmin qanunlarda insan hüquqlarının zəmanətləri nəzərə alınır, bütün hakimiyyət qollarının tabeliyinə, vətəndaşların sosial müdafiəsinə, bazar iqtisadiyyatının hüquqi bazasının formalaşmasına, Qarabağ münaqişəsinin sivil qaydada həllinə, Avropa standartlarına uyğunluğu və s. diqqət yetirilir. Ölkə rəhbərliyi normativ-hüquqi bazanın yenidən formalaşmasında birbaşa maraqlıdır, belə ki, insan hüquq və azadlıqlarının təmin olunması nəticə etibarilə dövlətin özünün və qanunun özbaşınalıqdan müdafiə olunması deməkdir. Buradan belə nəticəyə gəlmək olar ki, hüquq-mühafizə orqanlarının və digər strukturların fəaliyyəti yalnız vətəndaşların və təşkilatların marağında deyil, ümumilikdə dövlət və cəmiyyətin maraqları ilə həyata keçirilir. Yuxarıda qeyd olunan bütün əlavə və dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında ölkəmizdə konstitusiya və hüquq sahəsində həyata keçirilən proqressiv islahatlarının davamı olmaqla, mahiyyət etibarilə hüquqi islahatlaşmanın yeni mərhələsinə keçidə yönəlmişdir.


Dərc olunub : 11-12-2018

Oxunma sayı : 14