Penitensiar Xidmətin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təlim keçirilib
“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) iyulun 18-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin ümumilikdə 21 əməkdaşı üçün “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” mövzusunda təlim keçirib.
Tədbirin açılışında çıxış edən İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova qeyd edib ki, İnstitut hüquqi maarifləndirmə sahəsində dövlət qurumları ilə məhsuldar və səmərəli əməkdaşlıq edərək, həmişə birgə təlimlərin təşkilinə önəm verib. O, həmçinin vurğulayıb ki, bu cür silsilə təlimlər dövlət orqanlarında çalışan əməkdaşların hüquqi biliklərinin artırılması və insan hüquqları sahəsində praktik bacarıqlarının inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sonra İnstitutun təlimçiləri həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, tibbi xidmət, qadın və uşaqlara xüsusi yanaşma, güc və xüsusi vasitələrin tətbiqi, o cümlədən "BMT-nin məhbuslarla rəftarın minimal standart qaydaları" mövzularında təqdimatlar ediblər.
Müzakirələr zamanı iştirakçılar tərəfindən mövzulara dair suallar səsləndirilib. Təlimin qiymətləndirilmə mərhələsindən sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Dərc olunub : 18-07-2025
Oxunma sayı : 101