Professor Əli Rzayev institut əməkdaşlarına təlim keçmişdir

29 noyabr tarixində professor Əli Rzayev “İdarəetmənin mahiyyəti və problemləri” mövzusunda institut əməkdaşlarına təlim keçmişdir.
Təlimdə idarəetmənin mahiyyəti, sistemliliyi, mexanizmi ətraflı şərh edilmiş, həmçinin insanın həyat fəaliyyətində, dövlətçilik sistemində - dövlət, dövlət aparatı və dövlət qulluğunda onun yeri və rolu sosial, siyasi və hüquqi aspektlərdə təhlil olunmuşdur.
Təlimdə idarəetmədə subyekt və obyekt anlayışı izah olunmuş, idarəetmədə strukturlaşma olmadan effektiv fəaliyyət göstərməyin mümkünsüzlüyü izah edilmiş, eyni zamanda idəetmənin bütövlüyü və iyerarxikliyi məsələlərinə toxunulmuşdur.
Professor idarəetmədə kibernetika anlayışı haqqında məlumat vermiş, həmçinin kibernetika elminin banisi Nobert Vinerin kibernetikanın özünütənzimləyən dinamik idarəetmə sistemi olduğunu sübut etdiyini əməkdaşların diqqətinə çatdırmışdır. Əli Rzayev kibernetikanın müddəalarına əsasən idarəetmənin texniki və təbiət elmlərində, iqtisadiyyatda, hüquqda, psixologiyada, sosiologiyada və başqa elmlərdə tətbiqi barədə ətraflı izahat vermişdir.
Sonda dövlət idarəetməsinin hüquqi tənzimləmələri sahəsində görülən işlərin aktivliyinin artırılması, rəhbər işçilərin idarəçilik fəaliyyətində əldə edə biləcəyi uğurlar müzakirə olunmuş, əməkdaşların sualları cavablandırılmışdır.




Dərc olunub : 2022-11-29 10:54:00
Oxunma sayı : 32