Qəbələ Rayon Polis Şöbəsində “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair təlim keçirilib  

İyunun 7-də İnstitutumuzun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin müstəntiq və təhqiqatçıları üçün təlim keçirilib.

Təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edib.

Təlimi giriş nitqi ilə açan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Vüqar Əmirov qonaqları salamlayaraq İnstitutun bu təlimlərlə bağlı təşəbbüslərini yüksək dəyərləndirib və hər zaman əməkdaşlığa açıq olduqlarını vurğulayıb.

İnstitutun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək,  keçiriləcək təlimlərin müstəntiq və təhqiqatçıların işinə verəcəyi töhfələri diqqətə çatdırıb.

İnstitutun hüquq eksperti Vəfaddin İbayev “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) 20 illik baxış bucağında. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması” mövzusunda çıxış edib. O, həmçinin, Azərbaycanla bağlı İHAM-ın qərarlarında 5-ci maddə üzrə pozuntunun tanınması statistikası, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təminində əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflərini səsləndirib, azadlıq və toxunulmazlıq hüququ ilə bağlı aşkar edilmiş pozuntuları şərh edib.

Təlimin yekununda 5-ci maddə üzrə “Şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət” və “Həbsdə saxlanılma müddətinin uzadılması”na dair kazuslar qrup işi formasında həll edilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, eyni zamanda təlimin iştirakçılar tərəfindən qiymətləndirilməsi keçirilmişdir.

Sonda 13 polis əməkdaşına İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində əks etdirilən “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusu ilə bağlı təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

 




Dərc olunub : 2023-06-07 16:48:00
Oxunma sayı : 136