2018-ci ilin yekunlarına dair hesabat

Hesabat ilində Milli Fəaliyyət Proqramının müvafiq bəndlərinin icrası üzrə 2018-ci il ərzində İnstitut tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında”, “Məşğulluq haqqında”, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür.
Hesabat ilinin 18 yanvar 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda 20 Yanvar hadisələrinin 28-ci, eyni zamanda, 25 fevral 2018-ci il tarixində 26 fevral Xocalı soyqırımı gününun 26-ci ildönümünə həsr olunmuş anım tədbiri, həmçinin 26 yanvar tarixində “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılış mərasiminə həsr olunmuş “dəyirmi masa”, daha sonra 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir.
AMEA Hüquq və İnsan Haqları İnstitutunda “Məhkəmə sistemində elektron idarəçilik: elmi və praktiki yanaşma” mövzusunda 29 mart 2018-ci il tarixində növbəti təqdimat da keçirilib. Təqdimat “Məhkəmənin Nəbzi – İdarəetmədə İnqilab” adlı layihənin Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsində mükafatlandırılması ilə bağlı olub.
18 may 2018-ci il tarixində “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” adlı layihə, 21 sentyabrda isə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin pozulmuş hüquqlarının tədqiqi” adlı layihənin yekun təqdimatı baş tutub.
Hesabat ilinin 08 oktyabr tarixində “Beynəlxalq terrorizm və onunla müasir şəraitdə mübarizə” mövzusunda beynəlxalq konfrans, 29 noyabr tarixində isə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, Suxumi Dövlət Universiteti və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə s.e.d, professor Rövşən Mustafayevin gürcü dilinə tərcümə olunmuş “Очертованный рай” kitabının təqdimat mərasimi keçirilmişdir.
Qeyd edək ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı”nı həyata keçirməkdədir. Proqramın məqsədi Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, xarici elm xadimləri vasitəsilə Azərbaycan həqiqətləri haqqında düzgün və dolğun informasiya verməkdir.
Hesabat dövründə İnstitutda 1 istiqamət, 6 problem, 12 mövzu, 16 iş və 10 mərhələ üzrə araşdırmalar davam etdirilmişdir.
İnstitutda 118 nəfər əməkdaş çalışır, onlardan 91 nəfəri elmi işçi, 28 nəfəri fəlsəfə üzrə elmlər doktoru, 18 nəfəri isə elmlər doktorudur. Kadr hazırlığı elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktorantura və dissertantura yolu ilə həyata keçirilir. Hazırda İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə 14 əyani, 2 qiyabi doktorant, 33 dissertant təhsil alır. Eyni zamanda, 20 nəfər elmlər doktoru proqramı üzrə müstəqil olaraq dissertasiya üzərində işləyir.
Hüquq və İnsan Haqları İnstitutuna 2018-ci il ərzində Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti ilə imzalanmış müqavilələrə əsasən, həmin universitetlərin hüquq və beynəlxalq münasibətlər fakültələrinin 112 bakalavr tələbəsi, 25 magistrantı və 26 müəllimi elmi-tədqiqat təcrübəsi keçmək üçün göndərilmişdir.
Qeyd edək ki, il ərzində görülən işlərin yekunu olaraq 23 may 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Aytən Mustafazadə “Azərbaycan Respublikası Milli Məclisinin Fəxri Medalı”na, 13 fevral 2018-ci il tarixində isə A.Mustafazadə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun Fəxri professoru adına layiq görülmüşdür.
13 fevral 2018-ci il tarixində Rusiya Federasiyasının Q.V.Plexanov adına RİU Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutu ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında beynəlxalq əlaqələrin qurulmasına, ikitərəfli əməkdaşlığın inkişafında mütərəqqi xidmətlərinə, eləcə də birgə elmi nailiyyətlərin əldə edilməsində müstəsna fəaliyyətinə görə h.e.d. professor Rəşad Qurbanova Hüquq və İnsan Haqları İnstitutunun fəxri professoru elmi adı verilmiş, bununla yanaşı, 20 dekabr 2018-ci il tarixində bir sıra ölkələrin elmi tədqiqat mərkəzlərində hüququn müxtəlif sahələrinə dair elmi araşdırmalarına, Azərbaycan Respublikasının məhkəmə sistemi üçün “Elektron məhkəmə” kimi əhəmiyyətli sistemlərin yaradılmasına, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı münasibətlərə öz tarixi töhfəsini verməsinə və bu sahədə əldə etdiyi nailiyyətlərə görə İnstitutun Beynəlxalq hüquq şöbəsinin müdiri, h.e.d. Ramin Qurbanov prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. R.Mustafayev” medalı və sertifikatı ilə təltif olunmuşdur.
Hesabat ilində İnstitutun bir çox əməkdaşlarının kitabları nəşr olunub. Onlardan F.İsmayılovun “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” (rus və fransız dillərində) adlı kitabı və eyniadlı kataloqu, həmçinin A.İslamovun “Агафангел “Патмутюн хайоц” или крушение армянской истории” adlı kitabı, A.Mustafazadənin “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”, h.ü.f.d. R.Ağasiyevin “Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu”, h.e.d. A.Quliyevin “Sosioloji hüquqşünaslığın tarixi aspektləri”, h.e.d., professor M.İmanlının “Mülkiyyət əleyhinə edilən cinayətlər” və “Уголовное право” kitabları, “Özümüzü və dünyanı dərketmə yolunda” doktorant və dissertantların məqalə və tezislərindən ibarət toplu, h.e.d. professor N.Cəfərlinin “Müqayisəli hüquqşunaslıq” kitabı, h.ü.f.d. dos. B.Əliyevin müəlliflər kollektivi ilə birlikdə yazdığı “Əməliyyat-Axtarış Fəaliyyətinin Əsasları (elmi-nəzəri, hüquq əsasları və təcrübi aspektləri)” adlı monoqrafiyası, h.ü.f.d. R.Qurbanovun “Трудовое право для бакалавров, академический курс”, eləcə də A.Mustafazadə və Z.Aslanovun birgə müəllifliyi ilə hazırladıqları “Tibb hüququ” adlı dərs vəsaiti çap olunmuşdur.
Xüsusi olaraq qeyd edək ki, “Tibb hüququ” dərs vəsaitinin nəşrindən sonra 21 fevral 2018-ci ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Tibb hüququ - Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirmiş, noyabr ayının 29-da institutumuzla Azərbaycan Tibb Universiteti arasında hüquq elminin yeni sahəsi – tibb hüququnun tələbələrin tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Bildiririk ki, növbəti ildən Tibb Universitetinin tələbələrinə tibb hüququ fənn kimi tədris ediləcək.
Bunlardan əlavə, hesabat dövründə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən 164 əsər nəşr olunmuş, bunlardan 7-si kitab, 8-i monoqrafiya, 127-si məqalə, 33-ü tezisdir. Xaricdə 21 məqalə, 4 tezis çap edilmişdir. Bölmə üzrə 3 məqalə isə impakt faktorlu jurnalda dərc olunub.


Dərc olunub : 01-05-2019

Oxunma sayı : 19