Şirvan şəhər Polis şöbəsinin əməkdaşları üçün təlimlər keçirilib

Mayın 23-də İnstitutun təlimçi-ekspertləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin müstəntiq və təhqiqatçıları üçün təlimlər keçirib.

Təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının (İHAK) 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edib.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis kapitanı Vüqar Əmirov təlimi giriş nitqi ilə açaraq qonaqları salamlamış, İnstitutun təlimçilərini mütəmadi olaraq regionlarda görməkdən məmnun olduğunu və bu təlimlərlə bağlı İnstitut rəhbərliyinin təşəbbüsünü yüksək dəyərləndirdiyini, o cümlədən, hər zaman əməkdaşlığa açıq olduqlarını diqqətə çatdırmışdır.

Təlimin açılışında İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun fəaliyyət istiqamətləri, qarşıda duran perspektivlər barədə, eləcə də, təlimin gedişatı və strukturu haqqında geniş məlumat vermiş, təlimlərin keçirilməsi üçün yaradılmış şəraitə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sədr bu cür təlimlərin keçirilməsinin hər iki qurum arasındakı əməkdaşlığa  töhfə verəcəyinə inandığını qeyd etmişdir.

Sonra İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi və dövlətin vəzifələri. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlasdırılması, 5-ci maddə üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” haqqında təqdimatla çıxış edib. Təqdimatda 5-ci maddənin əsas prinsipləri və tətbiq edilən əsas meyarlar, “qanunçuluq” anlayışının mahiyyəti, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, həmçinin Azərbaycanla bağlı Avropa Insan Hüquqları Məhkəməsinin (AİHM)  qərarlarında 5-ci maddə üzrə pozuntunun tanınması statistikası əks olunmuşdur.

Hüquq eksperti Vəfaddin İbayev qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təmin edilməsində əhəmiyyətindən bəhs etmiş, təcrübədə mövcud olan problemlər və onların həlli ilə əlaqədar tövsiyələr səsləndirmişdir. Ekspert qanunvericilikdə dəyişikliklərlə bağlı bir sıra təkliflər, həmçinin, azadlıq və toxunulmazlıq hüququ sahəsində aşkar edilmiş pozuntular barədə ətraflı şərhlər vermişdir.

Sonda 5-ci maddə üzrə kazusların qrup şəklində həlli və təqdimatları keçirilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq təlim iştirakçılar tərəfindən qiymətləndirilmişdir. Təlimdə iştirak edən 14 polis əməkdaşına sertifikatlar təqdim olunmuşdur.

 




Dərc olunub : 2023-05-23 17:06:00
Oxunma sayı : 104