Azərbaycanda uşaqların sosial və hüquqi müdafiəsi müzakirə olunub

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı mayın 31-də “Azərbaycan Respublikasında uşaqların sosial və hüquqi müdafiəsi: Parlament ölçüsü” mövzusunda videokonfrans keçirib.
MDB PAA DİMBİ Bakı filialının direktoru Teymur Muradov videokonfransı açaraq Filial tərəfindən cari ildə “Azərbaycan Respublikasında uşaqların sosial və hüquqi müdafiəsi: Parlament ölçüsü” adlı elmi araşdırma işinin aparıldığını, aparılmış elmi araşdırma işi nəticəsində ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi sahəsində yaradılan normativ baza, həyata keçirilən dövlət siyasəti, dövlət proqramları və islahatlar, onların nəticələri, beynəlxalq əməkdaşlıq təcrübəsinin təhlil edilərək Bakı filialı tərəfindən ümumiləşdirildiyini iştirakçıların diqqətinə çatdırıb. O həmçinin əlavə etdi ki, müvafiq araşdırma işinin nəticələri MDB PAA çərçivəsində model qanunlar və digər normativ sənədlərin hazırlanması zamanı nəzərə alınması məqsədilə Azərbaycan Respublikasının müvafiq sahədə qabaqcıl təcrübəsi qismində MDB PAA DİMBİ-yə təqdim edilir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi olan Aydın Cəfərov MDB PAA, MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu və onun Bakı filialının demokratiya və insan hüquq və azadlıqları sahəsində qarşılıqlı fəaliyyətindən söz açıb, MDB PAA Şurasının Baş Katibi D.A. Kobitskinin tədbir iştirakçılarına salamlama nitqini səsləndirib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, parlamentin MDB Parlamentlərarası Assabbleyasındakı nümayəndə heyətinin üzvü, deputatı Jalə Əliyeva, Milli Məclisin deputatları - Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Sədaqət Vəliyeva və Ramin Məmmədov Azərbaycanda dövlət uşaq siyasəti, bu istiqamətdə dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, görülən işlər, o cümlədən Milli Məclis və onun Ailə, qadın və uşaq məsələləri komitəsinin ölkəmizdə uşaq hüquqlarının təminatı və müdafiəsi baxımından gördüyü işlər barədə geniş məlumat veriblər.
Çıxış edənlər – MDB PAA DİMBİ direktoru İvan Muşket, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin sədri Firuzə Sultan-zadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva; Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sektor müdiri Nərmin Aslanbəyova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasını direktoru Şəhla Qəmbərova, AMEA Hüquq və İnsan Haqları İnstitutu, Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri Cahangir Cahangirli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Mirzəyeva və başqaları uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı çıxışlar edib, müxtəlif fikirlər səsləndiriblər.
Videokonfrans qarşılıqlı diskussiya və maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.


Dərc olunub : 01-06-2021

Oxunma sayı : 14