Tədqiqatçılarımızın DTX-nın H.Əliyev adına Akademiyasının toplusunda məqalələri dərc olunub  

İnstitutun hüquq tədqiqatçıları Zamiq Aslanovun və İlham Əliyevin “Qida təhlükəsizliyinin nəzəri aspektləri və müəyyənedici meyarları” və “Müasir Azərbaycanın hüquq sisteminin beynəlmiləlləşməsinin mənəvi aspektləri” mövzusunda məqalələri dərc olunub.

Məqalələr Azərbaycan Respublikası DTX-nın Heydər Əliyev adına Akademiyasının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr  olunmuş “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı respublika elmi-praktiki  konfransının 5 may 2023-cü il buraxılışlı materiallar toplusuna salınıb.

Z.Aslanov məqaləsində qida təhlükəsizliyinin nəzəri aspektləri və müəyyənedici meyarlarını təhlil edir. Müəllif qida təhlükəsizliyinə anlayış verir, qida təhlükəsizliyi və ərzaq təhlükəsizliyi məfhumlarının eynimənalı olmadığını qeyd  edir və həmin anlayışları fərqləndirir.

Tədqiqatçının fikrincə, əhalinin sabit ərzaq təminatı ilə bağlı problemlər rasional, dərindən düşünülmüş, uzunmüddətli və sistemli qərarların qəbul edilməsini şərtləndirir, habelə aqrar sahənin uzunmüddətli inkişaf strategiyasının hazırlanmasını və səmərəli surətdə həyata keçirilməsini zəruri edir.

İ.Əliyev məqaləsində mənəvi-əxlaqi təhlükəsizliyin necə təmin oluna biləcəyindən, Azərbaycan xalqının əxlaqi əsaslarının və milli mentalitetinin necə qorunacağından bəhs edilir. Bildirilir ki, qloballaşmanın Azərbaycan Respublikasının hüquq sisteminə təsiri özünü ilk növbədə qanunvericilik sistemində göstərir. Müəllif tərəfindən Azərbaycan Respublikasının hüquq sisteminin beynəlmiləlləşdirilməsi təcrübəsində tətbiq olunan resepsiyanın xüsusiyyətlərinin də təhlili aparılıb.

 

 


Dərc olunub : 15-05-2023

Oxunma sayı : 48