TAIEX – Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində İnstituta beynəlxalq ekspertlərin səfəri təşkil edilib  

15-17 may tarixlərində TAIEX – Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) təşkilatçılığı ilə Hüquq və İnsan Haqları İnstitutunda (İnstitut) “Normayaratma qurumlarının təşkilati strukturu və idarə edilməsi” mövzusunda beynəlxalq ekspertlərin missiyası baş tutmuşdur.

İspaniyanın Ədliyyə Nazirliyindən olan ekspertlərin iştirakı ilə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Mərkəzin hüquqşünasları və İnstitutunun 8 əməkdaşı iştirak ediblər.

Ekspert missiyasının ilk günü tədbiri giriş nitqi ilə açan HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov qonaqları və iştirakçıları salamlayaraq bildirmişdir ki, Avropa İttifaqının və onun üzvü olan qabaqcıl ölkələrin normayaratma ilə bağlı müsbət təcrübəsinin öyrənilməsi müvafiq sahədə fəaliyyətin keyfiyyətinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir və belə tədbirlərin təşkili qarşımızda duran vəzifələrin daha da səmərəli icrasına xidmət edir.

Beynəlxalq ekspertlər üç gün ərzində Avropa İttifaqının hüquqi tənzimləmə siyasəti sistemi, normayaratma qurumlarının iş yükünün idarəedilməsi, normayaratma texnikası, hüquqi aktların layihələrinin hüquqi ekspertizası, qanun və digər hüquqi aktların layihələrinin tənzimləyici təsirinin ex-ante və ex-post qiymətləndirilməsi, həmçinin, hesabatların hazırlanması və digər mövzular barədə Avropa İttifaqının, habelə İspaniya və Almaniya dövlətlərinin təcrübələri barədə geniş təqdimatlarla çıxış etmiş və praktik nümunələrlə ətraflı izahlar vermişlər.

Müzakirələr zamanı mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

 




Dərc olunub : 2023-05-22 16:26:00
Oxunma sayı : 99