Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı keçirildi

Fevralın 5-i Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı keçirildi.

Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.

Açılış nitqindən sonra ilk olaraq Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Reqlamentə uyğun olaraq, qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak edirdilər. AMEA Hüquq və İnsan Haqları İnstitutundan isə nümayəndə qismində Həmkarlar Təşkilatının sədri Leyla Məmmədova iştirak etmişdir.

AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyev hesabat məruzəsi ilə çıxış edib. Həmçinin sədr Beynəlxalq həmkarlar ittifaqlarının rəhbərlərinin Azərbaycanda gedən iqtisadi islahatları yüksək qiymətləndirdiklərini də qeyd edib.

Daha sonra S.Möhbalıyev ölkə prezidenti, cənab İlham Əliyevin bu ilki prezident seçkilərində namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edərək, növbədənkənar seçkilərin aprelin 11-i baş tutacağını vurğulayıb.


Dərc olunub : 05-02-2018

Oxunma sayı : 13