Miqrant hüquqları qarşısında aciz qalan Avropa siyasəti

Aqil ƏHMƏDOV,

AMEA İnsan Hüquqları Üzrə Elmi-Tədqiqat

 İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin

böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

agilahv@gmail.com

Hazırda müasir beynəlxalq münasibətlərdə aktual olan tendensiyalardan biri heç şübhəsiz ki, miqrasiya siyasəti və bu sahədə mövcud problemlərlə bağlı olan məsələdir. Miqrasiya isə uzun və tarixi keçmişdən bu günə qədər xalqların davam edən həyat və yaşam fəlsəfəsidir. Əslində miqrasiya kifayət qədər geniş anlam ifadə edir. Buraya sosial, siyasi, mədəni olmaqla həyatın zəruri olan bütün sahələrini daxil etmək olar. Lakin dünyada baş verən hadisələr, xüsusilə Yaxın Şərq və onun ətrafında gedən proseslər miqrant hüquqlarına qarşı aciz qalan Avropa siyasətini gündəmə gətirməkdədir. Həm də o Avropa ki, demokratiya və insan hüquqlarının carçısı rolunda çıxış etdiyini iddia edir, paralel olaraq səbəb olduğu miqrasiya axınına qarşı sərt tədbirlər görməklə məsələdən çıxış yolu axtardığını bəyan edir.

Miqrasiya sahəsində əldə olunan dinamik inkişaf bərabərində problemləri də gətirməkdədir, yəni miqrasiya məsələsi qloballaşan dünya mətbuatının və politoloqlarının son illər ərzində daha çox müzakirə obyektinə çevrilmişir. Bu baxımdan inkişaf etmiş dövlətlərin son beş il ərzində sərtləşməyə doğru addımlayan miqrasiya siyasətinin prinsipləri və bu istiqamətdə əldə olunan nəticələrə baxdığımızda, mövcud sahədə müsbət inkişaf meyilləri ilə paralel, qanundan kənar miqrantların arzuolunmaz kütlə kimi həmin ölkələrdən deportasiya olunması halları da artmaqdadır.

İnsanların müvəqqəti və ya daimi çalışmaq üçün üz tutduqları ölkələr sırasında Avropa İttifaqına (Aİ) daxil olan ölkələr birinci sırada gəlir. Bu səbəbdən qeyd etmək lazımdır ki, həmin ölkələr, məsələn: Almaniya, İngiltərə, Fransa, Avstriya, İtaliya Malta və s. kimi Aİ üzvləri miqrasiya siyasəti ilə bağlı tədbirləri yenidən gözdən keçirir və qanunları sərtləşdirməklə ölkələrinə olan insan axınının qarşısını almağa çalışırlar. Məsələnin digər tərəfi aclıq, səfalət, münaqişə, təbii fəlakət və bir çox səbəblərdən ölkələrini tərk edərək, təmin olunmuş yüksək həyat yaşamaq arzusu ilə Avropa ölkələrinə üz tutan belə miqrantlar bəzi hallarda çıxdıqları yolda nəqliyyat qəzalarına uğrayır və kütləvi şəkildə tələf olurlar.

Avropanın miqrasiya imitasiyası: miqrant faciələri və onları yaradan səbəblər

XXI əsrdə miqrasiya prosesləri sosial-iqtisadi, siyasi və hüquqi baxımdan mövcud sahədə problemlərin tənzimlənməsinə və tədricən həll olunmasına diqqəti gün keçdikcə artırmaqdadır. Bu baxımdan düşünürəm ki, miqrant faciələrinin kökündə dayanan səbəblərin, xüsusilə siyasi təsirlərin araşdırılması problemə nəzəri yanaşmada mühüm əhəmiyyət kəsb edir.

Xüsusilə son vaxtlar dəniz yolu ilə Avropa və Qərb istiqamətinə yol alan miqrant gəmilərinin sayı artmaqdadır. İnsanların çətin olan maddi vəziyyətindən istifadə edən bir qrup işbazlar istismar müddəti ötmüş, nasaz gəmi və qayıqlarda onlarla insanın tələf olması hallarına rəvac verməkdədirlər. Bu haqda kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə xəbərlərin yer alması məsələnin ciddiyyətindən xəbər verir və inkişaf etmiş ölkələrdə həyəcan doğurur. Təkcə bu ilin aprel ayında Aralıq dənizində 800-dən yuxarı miqrant suda boğulmuş və hazırda vəziyyət acınacaqlı olaraq qalır. Buna alternativ olaraq hökumətlər daha sərt qanunlar qəbul etməklə məsələdən çıxış yolu axtardıqlarını bəyan edirlər. Digər tərəfdən qanunsuz şəkildə quru və ya su sərhədlərini aşaraq ölkələrə daxil olan əmək miqrantlarının kütləvi şəkildə bir arada yaşaması, müvəqqəti sığınacaqlarda həyat üçün normal şərtlərin olmaması məsələni daha da ağırlaşdırmaqdadır. Beynəlxalq miqrasiya prosesləri ilə bağlı bütün sadalanan məqamlar göstərir ki, miqrant hüquqlarının müdafiəsi məsələsi Avropa üçün yaxın vaxtlarda prioritet olmayacaq və qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərin gün keçdikcə daha da sərtləşdirilməsi mövcud sahədə problemlərin həllində sünii maneə olaraq qalacaq.

Qeyd etmək lazımdır ki, miqrasiya və qaçqın dalğasının yüksəldiyi Yaxın Şərq və Şimali Afrika ölkələrinin hökumətləri insanların yollarda tələf olması hallarına qarşı mübarizədə çox ciddi çətinliklərlə üzləşməkdədirlər. Bu məqsəddən çıxış edərək qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən regionlardan Aİ ölkələrinə miqrant axını davam etməkdədir və Avropa ölkələrinin bu işsizlər dalğasına qarşı beynəlxalq hüquqa əsaslanan müdafiə mexanizmlərini işə salması və çıxış yollarının axtarılması istiqamətində atmış olduqları sərt addımlar məsələni daha da mürəkkəbləşdirir və arzuolunmaz halların yaşanmasına gətirib çıxarır. Nəticədə Avropa və Qərb dövlətlərinin mənafelərinə cavab verdiyi halda beynəlxalq hüquq aktivləşir, onların maraqlarının müdafiəsinə qalxır. O zaman sual olunur nə üçün Suriyadan, İraqdan insanlar kütləvi şəkildə ölkələrini tərk edir ? Onları doğma yurd-yuvalarını tərk etməyə vadar edən elə Avropa və Qərb deyilmi ? Yaxın Şərqdə Rusiya və Avropanın toqquşan maraqları deyilmi ? Əslində bu sualların cavabını həm Rusiya həm də Avropa çox yaxşı anlayır. Lakin onlar Suriyadan, İraqdan, Liviyadan, Yəməndən və digər yerlərdən qaçırdıqları insanların kütləvi şəkildə qapılarını döyməsindən xəbərsiz kimi, hazırda məsuliyyətdən boyun qaçırmağa hər vəchlə cəhd göstərirlər. Belə həyati əhəmiyyətli məsələlərdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) siyasi fəaliyyətinin artırılması daha çox zəruridir. BMqT-nin Azərbaycan daxil olmaqla dünyanın əksər ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir. Onların xüsusilə Yaxın Şərq və Afrika ölkələrindən başlanan miqrant dalğalarının tənzimlənməsində təmsil olunduqları hökumətlərlə münasibətləri siyasi baxımdan səmərə verməməkdədir. Bununla yanaşı miqrantların qəbul olunması ilə bağlı BMT-nin Aİ ölkələrinə verdiyi təkliflər də uzun müddətdir ki, nəzərdən keçirilir, Avropa ölkələri başda Almaniya olmaqla çox məhdud sayda miqrant qəbul etməklə problemin həll olunduğuna yaxınlaşdıqlarını iddia edirlər. BMT-nin miqrant qəbulu ilə bağlı kvotanı hər Aİ ölkəsi üçün 200 minə qədər uzadılmasını təklif etməsi bu ölkələrin hökumətləri tərəfindən narazılıqlara gətirib çıxarır. Macarıstan konkret olaraq miqrant qəbulundan imtina edir və insanlara Türkiyəyə üz tutmağı məsləhət görür. Bu dövlət Suriya qaçqınlarını birbaşa müsəlman olan Türkiyəyə daimi yaşamaq üçün yerləşmələrinin məqsədəuyğun olduğunu iddi edir. Belə olduğu halda BMT bir beynəlxalq təşkil olaraq düzgün qərar verərək Aİ ölkələrinin miqrant bazasının formalaşdırılmasının vacibliyini bəyan edir.

Miqrasiya məsələsində insanların ən çox tranzit ölkə kimi istifadə etməyə çalışdıqları Yunanıstandır və bu dövlətin Kos adasından yüzlərlə insan keçib Avropanın inkişaf etmiş ölkələrinə çatmaq istəyir. Münaqişələrdən və aclıqdan qaçan insanların əksəriyyəti Avropa sərhədlərində zorakılıqlarla üzləşir, onların daxil olduqları ölkələrin qanunlarına tabe olmadıqları kimi məsələlər dünya mediasında siyasi təhlillərə səbəb olur. Görünür burada Avropa ölkələrini maraqlandıran insanlığın taleyi deyil, yalnız statistik rəqəmlərdir. Bu səbəbdən də Avropa ölkələrinə çatmaq üçün yollarda tələf olan miqrantlar, faciəli şəkildə həyatlarını itirən insanlarla yanaşı yaşadıqları yerlərdə ölkə qanunlarına bəzi hallarda tabe olmayan, yerli əhalinin sərt ittihamları və antimiqrant nümayişlərlə üzləşən və ya sərtləşdirilən qanunlar qarşısında aciz qalan miqrantlar növbəti faciələrlə üzləşməli olurlar.

Miqrantların Almaniya, Fransa, Yunanıstan və digər Avropa ölkələrində üzləşdikləri problemlər sırasında antisemit və islamafob meyllərin güclənməsi də ciddi maneələr yaratmaqdadır. Almaniyada fəaliyyətə başlayan ksenafob və antimiqrant PEGİDA hərəkatı getdikcə genişlənməkdədir və Avropada eləcədə digər regionlarda tərəfdarlarına səslənməkdədir. Nəticədə bəzi qruplaşmalar tərəfindən bilərəkdən miqrantlara qarşı kampaniyalar təşkil olunmaqdadır. Bu məsələdə də nədənsə beynəlxalq təşkilatlar səssizliyə üstünlük verir. Sanki dünya Avropa və Qərbdən ibarətdir, digər regionlarda yaşanan hadisələr və kütləvi şəkildə öldürülən insanların hüquqları yoxdur.

Son Fransa hadisələri birdaha onu göstərdi ki, Avropa miqrant və qaçqın problemlərinin həllində maraqlı deyil. Yüzdən yuxarı insanın terror qurbanı olduğu cinayət hadisəsi yenə də bütün dünyanı Avropa üçün ayağa qaldırdı. Hamı, hər kəs Fransa üçün yas tutdu. Belə hadisələr əlbətdə ki, qınanmalıdır. Lakin Yaxın Şərq və onun ətrafında baş verənlər dünya birliyi tərəfindən bu qədər həssaslıqla qarşılanmır. Yaxud açıq səma altında olan həbsxana – Qüdsdə hər ay insanlar qətlə yetirilir, bəlkə də dünyada ən çox uşaqların qətlə yetirildiyi məkan Qüdsdür. Bəs onların hüquqlarını kimi qoruyacaq ? Buna kim cavab verəcək ? Əlbətdə ki, Avropa və Qərb bu məsələdə ittiham olunası tək tərəfdir.

Noyabr ayında G-20-yə daxil olan dövlətlərin Antalyada baş tutan sammitində miqrant hüquqlarının müdafiəsi məsələsi gündəmə gətirildi. Aİ-nin sədri Avropa ölkələrini miqrantların qəbul olunması ilə bağlı qəbul etdiyi kvotaya əməl etməyə çağırdı və Fransada baş verən terror hadisəsindən sonra bəzi Avropa ölkələrinin qərarla bağlı dəyişikliyə cəhd etməməsini xatırlatdı. 300-5000 miqrantı qəbul edib etməməyə tərəddüd edən Avropa ölkələri bu məsələdə ciddi addım atmağa tələsmir, onları narahat edən tək məsələ hüquqlarının pozulmasına qarşı çıxışları artırmaqdır. Aİ-nin üzvü olmayan Türkiyə miqrant və qaçqın qəbul etmək baxımından bütün Avropa üçün ciddi nümunə təşkil etmişdir. İki milyondan yuxarı insanı öz sərhədləri daxilində yaşadan Türkiyə insanların həyatını davam etdirmələrinə dəstək məqsədilə 7 milyard lirədən yuxarı maliyyə vəsaiti sərf etmişdir. Əgər Türkiyə hökuməti vaxtında təcili tədbirlər görməsəydi bu insanların həyatı böyük sual altında qalacaqdı və ya onlar Avropa sərhədlərində üzləşdikləri zorakılıqların qurbanı olacaqdılar. Heç təsadüfi deyil ki, bu ilin oktyabr ayında Almaniya kansleri A.Merkelin Türkiyəyə tələm-tələsik səfər etməsinin əsas məqsədi qaçqın və miqrant məsələlərinin həlli ilə bağlı olmuşdur. Merkel Türkiyəyə bu mövzuda təşəkkür etməklə yanaşı Avropaya da mesaj verərək miqrantların qəbul olunmasında qapılarını bağlamamalarını tövsiyə etdi. Bir qədər qəribə görünsə də Merkel belə bir cəsarət edərək məhz Türkiyədən Avropaya səslənərək problemlərin həllində birgə qərar verməyə dəvət etdi. Aİ ölkələri arasında miqrantların üzv ölkələrdə yerləşdirilməsinə daha çox maraq göstərən Almaniya və Fransadır. Fransa Prezidenti Fransua Olandın məsələ ilə bağlı çıxışı diqqət çəkir. O, miqrantların Aİ ölkələrində yerləşdirilməsinin mənəvi məsələ olduğunu qeyd edərək demişdir: “Hesab edirəm ki, bugünkü vəziyyət qənaətbəxş deyil. Bəzi ölkələr öz mənəvi öhdəliklərini yerinə yetirmirlər. Buna görə də yeni qaydalar tətbiq olunmalıdır”. Ötən müddət ərzində miqrantların hüquqlarının qorunması ilə bağlı hansısa qənaətbəxş addımların atıldığını demək çətindir. Miqrant kvotasının tənzimlənməsi məsələsində daha çox sərt reaksiya verən Aİ üzvü Böyük Britaniyadır. Bu ölkənin baş naziri D.Kemeronun yenidən eyni posta seçilər-seçilməz gündəmə gətirdiyi məsələ ölkənin miqrasiya siyasəti ilə bağlı qəbul edəcəyi sənəd oldu. O, miqrantlarla bağlı qanunun yenidən sərtləşdirilməsinin tərəfdarı kimi çıxış etdi və kütləvi deportasiyaların reallaşdırılması ilə bağlı ciddi addımların atılmasının vacibliyini bildirdi. Hazırda Böyük Britaniya eyni siyasəti davam etdirərək miqrantların ölkəyə daxil olmasını əngəlləmək üçün mübarizə aparır desək yanılmarıq. Bu ölkə yalnız yüksək təhsili və intellekti olan miqrantların öz ərazisində yaşayıb dövlətə xeyir verməsini hər fürsətdə bəyan edir.        

Digər tərəfdən Avropanı narahat edən problemlərdən biri miqrantların əksəriyyətinin müsəlman olmasıdır və Böyük Britaniya da bu məsələdə Almaniya və İsveçrə kimi ölkələrlə eyni sırada dayanır. Miqrant və qaçqınların əksəriyyətinin islam dininə mənsub olması Avropalıları qıcıqlandıran məsələlərin başında gəlir. Hətta antiislam meyilli və radikal düşüncəli, milliyyətçi avropalılar müsəlmanların ibadət evlərinin qapısına donuz başını asmaqdan belə çəkinmirlər, yaxud məscidlərin divarlarına yazılmış “müsəlmanlara ölüm”, “rədd olun” şüarlarına da rast gəlmək mümkündür. Bu isə Avropanın bilərəkdən ksenofob və islamofob meylləri aktuallaşdırmasına rəvac verməkdədir.

Qeyd etmək lazımdır ki, miqrasiya siyasəti ilə bağlı Avropada həyata keçirilən tədbirlərə birmənalı yox, müxtəlif səpkidə münasibət bildirilir. Bir qrup avropalılar fikirləşir ki, digər xalqların nümayəndələrinin onların ölkələrinə köçməsi yad mədəniyyət ünsürlərinin ölkəyə ayaq açması deməkdir. Burada ilk sırada din amili dayanır. Belə düşüncə tərzini nümayiş etdirənlər daha çox radikal və aşırı mühafizəkar avropalılardır. İkinci qrup avropalılar isə iddia edirlər ki, Aİ-nin miqrasiya siyasəti uğurlu deyil, yəni onların fikrincə Aİ miqrantların qəbul olunmasında rəqəmlərlə məşğul olmaqdansa onların yerləşdirilməsi və gələcəyi ilə bağlı məsələlərə daha çox diqqət yetirməlidir. Hər iki qrup arasında fikir ayrılığının yaranmasında Avropada mövcud olan siyasi partiyalar az rol oynamır. Belə partiyalar hökumətdən sosial-ictimai dəstək almaq üçün miqrasiya siyasəti ilə bağlı birmənalı qarşılanmayan təkliflər verirlər. Əslində Avropada dini-ayrıseçkiliyin genişlənməsində bəzi siyasi dairələr maraqlı tərəf kimi görünür. Radikal addımlar atan siyasi partiyalar miqrantsız həyat, miqrantsız milli dəyərlərin mühafizəsi şüarları ilə çıxış etməkdədirlər. Avropada miqrant hüquqlarının qorunması ilə bağlı yaranan fikir ayrılığında ikinci qrupun nümayiş etdirdiyi mövqe daha düşündürücüdür. Bu, əslində miqrantlara dair BMT-nin qaçqınlarla bağlı ali komissarlığının Aİ ölkələrinə təqdim etdiyi təkliflər sırasında yer almışdır.                     

Əslində miqrasiya siyasəti və miqrant hüquqlarının müdafiə olunması sahəsində öz siyasətini inkişaf etdirməkdə olan dövlətlərin təcrübəsindən yararlanmaq üçün Aİ ölkələrinin məsələyə ciddiyətini də artırmaq mümkündür. Bu baxımdan əsrlər boyu ərazisində bir çox xalqların nümayəndələrinin tolerant şəraitdə yaşayışını təmin edən müasir Azərbaycan Respublikasının təcrübəsi həm də Avropa üçün bir nümunə təşkil edə bilər. Bir çox inkişaf etməkdə olan ölkələrdə Dövlət Miqrasiya Xidməti (DMX) təsis edilmədiyi halda Azərbaycanda artıq 2010-cu ildən DMX-nin inzibati binası fəaliyyətə başlamışdır. Burada miqrantların sənədlərinin qeydiyyatı şöbəsi və müvəqqəti saxlanma yerləri beynəlxalq standartlara cavab verməkdədir. Hazırda DMX-nin Yevlax, Şirvan, Lənkəran və Xaçmaz kimi rayonlarda regional idarələri fəaliyyətdədir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikası vətəndaşlarının operativ məlumatlandırılması üçün 24 saat fəaliyyətdə olan “Qaynar xətt” xidməti təşkil edilmişdir. Nazirlər Kabineti tərəfindən 13 iyul 2004-cü ildə təsdiq edilən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası” dövlətin miqrasiya siyasəti və miqrant hüquqlarının müdafiə olunması baxımından mühüm əhəmiyyət daşımışdır. 2006-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” isə mövcud sahədə siyasi və hüquqi tənzimlənməyə müsbət təsir göstərmişdir. DMX-nin yaradılmasına dair Fərman Azərbaycan Prezidenti tərəfindən 19 mart 2007-ci ildə imzalanmaışdır. Bununla yanaşı Azərbaycanda məhdud sayda olsa da qeyri dövlət miqrasiya təşkilatları da fəaliyyət göstərir. İstər DMX-nin istərsə də qeyri dövlət miqrasiya təşkilatlarının saytları mövcuddur və miqrantlarla bərabər istənilən şəxs bu sahədə maariflənmək, ölkə və beynəlxalq qanunlara dair məlumatlara həmin saytlarda rast gələ bilərlər.

Göründüyü kimi miqrasiya siyasətinin tənzimlənməsi ilə bağlı Azərbaycanda qəbul olunan qanunlar və tez bir zamanda DMX-nin fəaliyyətini gücləndirilməsi ölkənin sosial-iqtisadi siyasətinin inkişafına müsbət təsir göstərmişdir. Miqrasiya siyasətinin inkişafı həmçinin Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasında ciddi əhəmiyyətə malikdir.

Dünyada terrorizmdən sonra ən çox müzakirə olunan məsələlərdən biri artıq miqrasiya siyasətidir desək yanılmarıq. Miqrasiya və miqrant hüquqları sosial-iqtisadi inkişafın göstəricisidir. Bu səbəbdən Aİ ölkələri miqrantları deportasiyalara məruz qoymaq və ya onların şəxsiyyətini alçaltmaqdansa bu şəxslərin intellektual, sosial və fiziki potensialından düzgün yararlanmaq üçün proqramlar, layihələr üzərində çalışsalar miqrasiya siyasəti o zaman daha çox faydalı ola bilər.

Məqalə boyu sadalanan bütün məqamları nəzəri baxımdan aşağıda göstərilən konkret müddəalar şəklində ümumiləşdirmək mümkündür:

·  Müasir beynəlxalq münasibətlərdə qlobal proseslərin gətirdiyi müsbət meyllərlə yanaşı, müşahidə olunan mənfi təzahürlərdən biri heç şübhəsiz ki, miqrasiya siyasətinə düzgün istiqamət verilməməsi ilə bağlıdır;

·  Bir zamanlar insan hüquqları və demokratik dəyərlərdən üçüncü dünya ölkələrinə dərs deməyə cəhd edən Avropa miqrantların qovulması, bu azmış kimi alçaldılmasına biganə münasibət göstərməkdə davam edir. Sərhədlərini bağlamaqla Avropa insanların kütləvi şəkildə məhvinə səbəb yaradır, yəni insanlığa üz çevirdiyini bəyan edir; 

·  Belə bir məqamda BMqT-nin miqrant hüquqlarının müdafiə olunması ilə bağlı siyasi fəaliyyəti, yəni bu məsələdə siyasi fəallığı nəzərə çarpmır;

·  İnkişaf etmiş dövlətlərin və beynəlxalq təşkilatların miqrasiya siyasətinin demokratik şəraitdə inkişaf etməməsinin başlıca səbəblərindən biri və birincisi beynəlxalq hüquqda mövcud olan boşluqlardır. Həmin boşluqlardan Avropa və Qərb çox məharətlə öz xeyrinə yararlanmaqdadır;

·  Miqrant və qaçqın dalğasının yaranmasına təkan verən Avropa və Qərbin həyata keçirdiyi beynəlxalq siyasət və BMT-nin beş daimi üzvlüyünün ləğv olunmaması məsələyə müsbət yox mənfi təsirini davam etdirməkdədir;

·  Yaxın və Orta Şərqdə davam etdirilən sünii münaqişə ocaqları miqrant və qaçqın problemlərinin həll olunmamasını aktual olaraq saxılayır;

·  Avropa dövlətləri miqrantların deportasiyası və döyülməsinə rəvac verməkdən çəkinməli, əksinə paralel olaraq irqi və dini ayrıseçkiliklə mübarizədə, antimiqrant ünsürlərə qarşı səsini ucaltmalıdır;

·  Miqrant hüquqlarının və qaçqın problemlərinin tez bir zamanda həll olunmasına Avropanın prioritet kimi baxmaması yeni mexanizmlərin işlənib hazırlanmasını zəruri edir. Bu baxımdan Almaniya və Fransanın təklifləri nəzərdən keçirilə bilər;

·  Aİ ölkələrinin miqrasiya və qaçqın problemlərinin həlli istiqamətində Türkiyə Respublikası ilə əməkdaşlıqdan boyun qaçırması beynəlxalq miqrasiya siyasətinin daha da gərginləşməsinə səbəb yarada bilər

·  Həmçinin Aİ ölkələrinin miqrasiya siyasəti və miqrant hüquqları ilə bağlı BMT ilə məsləhətləşmələrinin davamlılığı təmin edilməklə problemə aydınlıq gətirilməsi mümkündür;

·  Miqrasiya siyasəti və miqrant hüquqlarının müdafiə olunması və xalqların tolerant şəraitdə birgəyaşayışının təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi Aİ ölkələrinə nümunə təşkil edə bilər. 




Dərc olunub : 2015-12-07 11:34:00
Oxunma sayı : 25