İnstitutda YAP partiya təşkilatı yaradıldı

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunda Yeni Azərbaycan Partiyası təşkilatının yaradılması ilə əlaqədar Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədovun institut kollektivi ilə görüşü keçirilmişdir.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədr müavini Qərib Məmmədov və YAP AMEA təşkilatının sədri Xədicə İsgəndərli və institut əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə açaraq ilk partiya təşkilatının institutda yaradılmasının təqdirəlayiq hal olduğunu vurğulamış, eyni zaman da görüşdə iştirak edən qonaqlara və əməkdaşlara YAP institut təşkilatına sədrliyə namizəd institutun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunu, eləcə də institut əməkdaşları arasından partiya sıralarına könüllü qəbul olmaq istəyənləri və hazırda partiya üzvlüyü olanları təqdim etmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın bu gün gördüyü işlərdən, onun Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Həmçinin Sədr ilk partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu da qeyd edib.
Sonda T.Əhmədov ilk partiya təşkilatına qəbul olunan yeni üzvləri təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.


Dərc olunub : 15-02-2019

Oxunma sayı : 20