İnstitutda “Minilliyin layihəsi”nin rəhbəri ilə görüş keçirildi

2019-cu il martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə “Minilliyin layihəsi” beynəlxalq tədqiqat təşkilatının icraçı direktoru Cerom Qlenn, həmçinin Azərbaycan Gələcəyin Tədqiqatları Cəmiyyətinin sədri, “Minilliyin layihəsi”nin Azərbaycan bölməsinin rəhbəri Reyhan Hüseynova, sədr müavini Eldar Müseyibzadə, bu cəmiyyətin layihələrinin koordinatoru Nərmin Musayeva ilə görüşmüşdür.
A.Mustafazadə qonaqları institutun fəaliyyəti ilə tanış etmiş, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi probleminə toxunmuş, eləcə də münaqişə barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasının vacibliyini qeyd etmişdir.
Görüş zamanı süni intellektin işlənməsi və tətbiqi, eləcə də gələcəkdə bu texnologiyanı tənzimləməli olan qanunlar ətrafında fikir mübadiləsi aparılmışdır. Aytən xanım Mustafazadə habelə bioetika və bu sahədə qanun yaradıcılığınun gələcək inkişafı və insan hüquqlarının təmin olunması mövzusuna toxunmuşdur.
Azərbaycan Gələcəyin Tədqiqatları Cəmiyyətinin sədri, “Minilliyin layihəsi”nin Azərbaycan bölməsinin rəhbəri Reyhan Hüseynova Cerom Qlennin başçılıq etdiyi təşkilat çərçivəsində ekspert və tədqiqat işlərindən, təşkilatın Azərbaycan bölməsinin ölkəmizdə gələcəyin proqnozlaşdırılmasının inkişafına verdiyi töhfələrdən danışmışdır.
“Minilliyin layihəsi”nin başçısı Cerom Qlenn Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun yüksək səviyyəli fəaliyyətinin çoxşaxəliliyini qeyd etmişdir. Cənab Qlenn öz növbəsində dünyada süni intellektin inkişafı məsələlərinə diqqət yetirmiş, hüquqi və normativ aktlar barədə öz təkliflərini söyləmişdir. Onun fikrincə, bunlar bütün dünya ölkələri tərəfindən razılaşdırılmalı və qəbul edilməlidir.
Görüşün sonunda Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə “Minilliyin layihəsi” arasında əməkdaşlıq haqqında razılaşmaya nail olunmuşdur.
Qeyd edək ki, Cerom Qlenn strateji proqnozlaşdırma və gələcəyin tədqiq edilməsi sahəsində 40 illik iş təcrübəsinə malikdir. O, həmçinin “Texnologiyaların gələcəyi – 2050-ci il”, “”Qlobal iqtisadiyyatın gələcək elementləri” kimi kitabların, “Misirin kollektiv intellektinin milli sistemi”, “Gələcəyin strategiyasının milli vahidləri”, “2020-ci ilin qlobal enerji ssenariləri”, “Etikanın gələcəyi”, “2025-ci il üçün elm və texnikanın ssenariləri” və s. tədqiqatların müəllifidir. O, “Gələcəyin vəziyyəti” adlı illik məruzənin həmmüəllifi və redaktorudur.
Cerom Qlenn World Bank, UNDP, UNU, UNESCO, FAO, UNEP, US/EPA, USAID kimi beynəlxalq təşkilatların və həmçinin bir sıra hökumət və korporasiyaların məsləhətçisidir.
Cerom Qlenn bir professor olaraq Harvard Univ., Stanford Univ., Yale Univ., Univ. of Tokyo, National Defense Univ., Singularity Univ., Turku School of Economics, Kyoto Senyo
University və başqa universitetlərdə proqnozlaşdırmanın metodologiyası və tətbiqi üzrə mühazirələr oxumağa dəvət olunmuşdur.
Hər il Pensilvaniya Universiteti tərəfindən tərtib olunan dünyanın ən nüfuzlu “beyin mərkəzləri”nin reytinqinə görə, dünyanın 6.846 “beyin mərkəzi” arasında “Minilliyin layihəsi” “Yeni ideyalar və inkişafın paradiqması” bölməsində 6-cı yeri tutaraq dünyanın ən yaxşı mərkəzləri onluğuna daxil olmuşdur. “Minilliyin layihəsi” bütün dünyada 63 bölməsi olan beynəlxalq tədqiqat təşkilatıdır.


Dərc olunub : 12-03-2019

Oxunma sayı : 14