İnstitutda 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib

8 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşkilatçılığı ilə 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir son bir ildə ölkəmizdə insan hüquqları ilə bağlı qəbul edilmiş hüquqi aktları və görülmüş işləri, Mərkəzin və İnstitutun insan hüquqlarının müdafiəsi sahəsində rolunu və müxtəlif tərəfdaşların bu sahədə təcrübəsini müzakirə etmək məqsədilə təşkil olunmuşdur.
Mərkəzin İcraçı direktoru Samir Mahmudov tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın müstəqilliyi dövründə Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində müəyyən etdiyi əsas istiqamətlərdən olan insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş çoxsaylı institusional və qanunvericilik tədbirlərindən və Azərbaycanın bu istiqamətdə keçdiyi mühüm inkişaf yolu barədə danışmış, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiə mexanizminin yaradılmasına nail olunduğunu bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, ölkə vətəndaşlarının bütün hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması istiqamətində məqsədyönlü tədbirlərin gerçəkləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz ölkə başçısının Fərmanı ilə bu il Mərkəzin yaradılması onun hüquqi islahatlara, qanunvericiliyimizin inkişafına, o cümlədən insan hüquqlarının müdafiəsinə diqqətinin bariz nümunəsidir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev Azərbaycanda insan hüquqları sahəsində ümummilli lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olduğunu bildirmişdir. Bu sənədin ölkəmizdə demokratik institutların formalaşması prosesini sürətləndirdiyini, yeni üçpilləli məhkəmə sisteminin, konstitusiya nəzarətinin, ombudsman kimi yeni təsisatın yaradılaraq insan hüquqları sahəsində irəliyə doğru daha mühüm addımların atıldığını vurğulamışdır.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışı zamanı 2022-ci ildə Azərbaycan Respublikasında insan hüquqları ilə bağlı qəbul edilən əsas qanunvericilik aktları barədə geniş məlumat vermişdir. O, sosial təminat hüququ; sağlamlığın qorunması hüququ; azad sahibkarlıq hüququ; təhsil hüququ və yaradıcılıq azadlığı; sülh, təhlükəsiz inkişaf və keçmiş məcburi köçkünlərin hüquqları və başqa sahələrdə qəbul olunmuş qanunları diqqətə çatdırmışdır. Sədr, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük önəm verildiyi Azərbaycan Respublikasının bu sahə ilə bağlı bütün beynəlxalq sənəd və konvensiyalara, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə qoşulduğunu və beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiya edildiyini vurğulamışdır.
İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Hüquq və İnsan Haqları İnstitutunun fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərkən bildirmişdir ki, noyabr ayında İnstitut “beyin mərkəzlərinin” qlobal bazası olan On Think Tanks (OTT) platformasına “Hüquq, insan haqları, ədliyyə və təhsil sahəsində ixtisaslaşan beyin mərkəzi” kimi daxil edilmişdir.
Tədbirdə AR Prezidenti Administrasiyasının Cinayət və inzibati qanunvericilik sektorunun müdiri Fərhad Tutayuk, AR Vəkillər Kolegiyasının sədri Anar Bağırov, AR Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Babayev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, UNİCEF-in Azərbaycan Respublikasındakı Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, BDU-nun İnsan hüquqları və İnformasiya hüququ üzrə YUNESKO kafedrasının müdiri Əmir Əliyev, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri İsaxan Vəliyev və başqaları çıxış etmişlər.
Qeyd edək ki, dekabr ayında Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs müxtəlif universitetlərin hüquq və jurnalistika ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri arasında 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə elan etmişdir.
Edilən müraciətlər üzrə müsabiqədə ən yüksək nəticələr göstərən BDU-nun Hüquq fakültəsinin 3 tələbəsi - Eynəddin Həbibov, Arzu Şükürova və Şahid Məhərrəmli hüquq nominasiyası üzrə, həmçinin, BDU-nun Jurnalistika fakültəsinin ən yüksək nəticə göstərən 4 tələbəsi - Nuranə Quliyeva, İsa Taralov, Şəms Hüseynli və Elşən Soltanzadə jurnalistika nominasiyası üzrə qalib elan edilmişlər.
Qaliblər tədbir zamanı İnstitut rəhbərliyi tərəfindən sertifikatlar və mükafatlarla təltif edilmişlər.
Tədbirdə dövlət qurumlarının və komitələrin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının üzvləri, həmçinin müsabiqə qalibləri və media nümayəndələri iştirak etmişlər.




Dərc olunub : 2022-12-09 00:14:00
Oxunma sayı : 67